Azərbaycan Birinci Liqa komandalarından "Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədov apasport.az-a açıqlama verib.
"Mingəçevir"in "sükanı arxasında" keçirdiyi ilk matçdan sonra təcrübəli baş məşqçi "Qəbələ" ilə görüşü dəyərləndirib:
"Oyundan sonra həm yaxşı, həm də pis məqamlar var. Pis məqamlar odur ki, müdafiədə zəif oynadıq. O da öz üzərimizdə işləməklə düzələcək problemdir. Müsbət cəhət isə komandanın çox hərəkətli olmasıdır. Bu, xoşuma gəldi. Futbolçularda bir qədər təcrübəsizlik var. Çoxu gənc futbolçulardır. Düşünürəm ki, bu işin öhdəsindən gələcəyik. Zamanla hər şey daha yaxşı olacaq".
Qeyd edək ki, ASTA (Azerbaijan Sport Talents Academy) ilə yeni sponsora qovuşan "Mingəçevir" Füzuli Məmmədovun rəhbərliyi ilə ilk matçına hazırlıq məqsədi ilə çıxıb. Məmmədovun komandası yoldaşlıq görüşündə "Qəbələ"yə 4:0 məğlub olub.
Nərmin Vüqarqızı