İyulun 17-də Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək komandamızın yolasalma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, rəsmi nümayəndələrin, idmançıların və müxtəlif media mənsublarının iştirak etdiyi tədbir Milli Gimnastika Arenasında baş tutub.
Tədbir Gənclər və İdman Naziri Fərid Qayıbovun çıxışı ilə başlayıb. Nazir qeyd edib ki, Paris-2024 Azərbaycan üçün bəzi ilklərlə yadda qalacaq:
"Öncəliklə xatırlatmaq istəyirəm ki, bu il Gənclər və İdman Nazirliyi 30 illiyini qeyd edir. Bu əlamətdar tarixdə bizi sevindirən əsas məqamlardan biri Olimpiadaya yollanacaq qadın idmançılarının sayının çoxluğudur. Bu il badmintonda ilk dəfə ölkəmizi qadın idmançılar təmsil edəcək. Həmçinin, batut gimnastikasında və basketbolda ilk dəfə komanda şəklində təmsil olunacağıq. Bütün bu idman növlərində xanım idmançılarımız yarışacaq. Son proseslər göstərir ki, onlar da kifayət qədər güclüdür və inanıram ki, hər turnirdə olduğu kimi, yenə öz sözlərini deməyi bacaracaqlar".
Tədbir videotəqdimatlarla davam edib. Videolarda idmançıların yarışlara hazırlıq prosesi, keçdikləri yol və təəssüratları yer alıb.
Daha sonra idmançılarımızın Olimpiada formalarının təqdimatı edilib. Təqdimatdan əvvəl formaların hazırlanmasında xüsusi əməyi olan Belçikanın "Konkordia Tekstil" firmasının nümayəndəsi Sofiya Fontinye səhnəyə dəvət olunub. O, Belçikanın timsalında Avropa ilə əməkdaşlığın mahiyyətindən söz açıb. Çıxışının sonunda təmsilçilərimizin Olimpiyadada görünüşləri ilə diqqət çəkəcəyinə inamını vurğulayıb.
Mərasimdə Azərbaycanın Paris-2024-dəki bayraqdarları da bəlli olub. Bu vəzifəni qadınlardan ibarət cüdo üzrə Azərbaycan millisinin üzvü Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.
Tədbir canlı musiqi və əyləncəli proqramla davam edib.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı 15 idman növü üzrə 17 proqramda təmsil edəcək.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama