İdmançımız İndoneziyada 2 medal qazanıb
23.09.2024 - 09:12
İdmançımız İndoneziyada 2 medal qazanıb

Para badmintonçumuz İbrahim Əliyev İndoneziyanın Surakarta şəhərində keçirilən beynəlxalq turnirdə 1 gümüş və 1 bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, kişi para badmintonçuların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran İbrahim Əliyev yarımfinala kimi irəliləməyi bacarıb. İdmançımız finalın bir addımlığında hindistanlı Ruthick Ragupathiyə 0:2 (17-21,11-21) hesabı ilə uduzaraq turnirin bürünc medalını qazanıb.

İbrahim kişi para badmintonçuların qoşa yarışında da mükafatçılar sırasında yer almağı bacarıb. Qoşa kateqoriyasında Sinqapur idmançısı Tay Vey Minqlə tandem təşkil edən İbrahim Əliyev İspaniya, Hindistan və İndoneziyanı təmsil edən rəqiblərinə qalib gələrək qrup lideri kimi pley-offa yüksəlib. Kişi para badmintonçuların qoşa kateqoriyasında finala adlayan para badmintonçumuz həlledici görüşdə Hindistanı təmsil edən Hardik Makkar-Ruthick Ragupathi qoşasına 0:2 (12-21,12-21) hesabı ilə uduzuraq “HYDROPLUS Indonesia Para Badminton International 2024” turnirinin gümüş medalına layiq görülüb.

Qeyd edək ki, 2022-ci ildən Azərbaycan idmanı tarixində ilk dəfə para badminton yarışlarında təmsil olunmağa başlayan İbrahim Əliyev 2 il öncə məhz İndoneziyada keçirilən beynəlxalq turnirdə debüt edib. O zaman para badmintonda ilk addımlarını atan İbrahim mübarizəni qrup mərhələsində dayandırmışdı.

0