“Neftçi”nin sabiq kapitanı İqor Mitreski apasport.az saytına müsahibə verib.
- “Neftçi”nin hazırkı durumunu necə şərh edərdin? Bu mövsüm gözləntilər böyük olsa da, yenə də yaxşı durumda deyillər...
- Vəziyyəti izləyirəm. "Neftçi"dəki vəziyyət o qədər də yaxşı deyil. Söhbət indidən getmir. Artıq iki ildən çoxdur ki, durum belədir. Komandada stabillik yoxdur, baş məşqçilər dəyişdirilir. Bunun nəyə görə olduğunu da bilmirəm. Sabiq komandamı turnir cədvəlinin aşağı pillələrində görmək mənim üçün üzücüdür. Görünən budur ki, vəziyyət pisdir. Hər halda, qışda nəyisə dəyişmək lazımdır. Ümidvaram ki, vəziyyət dəyişəcək.
- “Neftçi” turnir cədvəlində 8-ci pillədədir. Sonuncu pillədəki komandanı 5 xal qabaqlayırlar...
- Bəli, təəssüf ki, komanda 8-ci pillədədir. Bu, adət etdiyim vəziyyət deyil. "Araz-Naxçıvan", "Qarabağ" yuxarı pillələrdədir, ancaq "Neftçi" aşağı pillədədir. Niyə? Bunun niyəsini demək çox çətindir. Hər halda, bu suala klub rəhbərliyi və idman direktoru, seleksiyaçılar cavab verə bilər. Çünki vəziyyətə hakim, klubun daxilində olanlar onlardır. Nəyə görə bu cür oyunçular dəvət olunur komandaya? Görünür ki, seleksiya yaxşı getməyib. Birdən-birə də nəyisə dəyişmək olmur. Gərək öncə kollektivi yığasan, birlikdə bir neçə il oynayasan. Heyəti də çox da dəyişmək olmaz. Amma bunun üçün öncədən yaxşı heyət yığmaq lazım idi. Çox çətin vəziyyətdir. Turnir cədvəlində aşağı pillələrində getdikdən sonra isə yuxarı yenidən qalxmaq çətindir. Avrokuboklara getməsələr necə olacaq? Lap getsələr, necə olacaq? Birinci turdan dayanacaqlar? Bu da pisdir. Sadəcə komandanı qurmaq lazımdır. Nəticə isə zamanla özü gələcək.
- “Neftçi” mövsümə Roman Qriqorçukla başlasa da, sonradan bu post Samir Abasova həvalə olundu. Səncə, o, komandanı bu durumdan çıxara biləcək?
- Bəli, Samir Abasov gəlib. O, "Neftçi"də çempionluq yaşayıb. Azərbaycan futbolunu, yanaşmanı yaxşı bilir. Seleksiya məsələsi önəmlidir. Azərbaycan millisini də görürsüz... Yerli futbolçular azdır. Bu mənada, klubda da vəziyyət eyni cürdür. Samir Abasov yaxşı komanda qurarsa, vəziyyət düzələ bilər. Hər halda, komanda qışda fiziki, psixoloji cəhətdən də hazırlaşmalıdır. Samir Abasov Azərbaycanda çalışır, təcrübəlidir. "Neftçi"də çempionluq yaşayıb. Yenidən bunu edə biləcək? Bilmirəm. Ən azından işləri yaxşıya doğru apara biləcək? Məncə, bəli, elə ola bilər.
- “Neftçi” qarşıdakı turda “Kəpəz”lə qarşılaşacaq. Məğlub olacağı təqdirdə, “Kəpəz”dən geriyə düşərək, 9-cu pillədə qərarlaşacaq...
- Bəli. bilirəm. Baxacam oyuna. "Neftçi" - "Kəpəz" oyunu. Əvvəllər biz asanlıqla qalib gələrdik. Sadəcə "Neftçi"də indiki durum elədir ki, hətta "Kəpəz"ə qarşı da çətindir. Ona görə də, turnir cədvəli vəziyyəti aydın göstərir. Hər halda, çətin olacaq. "Neftçi"yə uğurlar arzulayıram.
- “Neftçi”nin “Qarabağ”la başabaş mübarizə apara bilməməsini nə ilə əlaqələndirirsən? Onlar sonuncu dəfə 4 il əvvəl “Qarabağ”ı məğlub edib...
- "Neftçi" sonuncu dəfə "Qarabağ"ı 4 il əvvəl məğlub edib. "Qarabağ"ın sistemi var, Qurban Qurbanov orada uzun illərdir ki, çalışır. Onların seleksiya işi də dəqiqdir. Yaxşı transferlər edir.Komandanın heyəti tez-tez dəyişmir. Ona görə də "Qarabağ"ın sistemi var. Bu mənada, bugünkü gündə "Neftçi" "Qarabağ"a qalib gələrsə, bu "Neftçi" üçün sadəcə xoşbəxtlik olardı. Sadəcə yaxşı gün olardı. Amma konkret "Neftçi" və "Qarabağ"ın yanaşmasına baxsaq, böyük fərqlər var. "Qarabağ" ardıcıl uzun illərdir ki, avrokubokda qruplara düşür. Klub stabillik göstərir. Qurban Qurbanov çox yaxşı məşqçidir. O, komandanın necə irəliləməli olduğunu da yaxşı bilir. "Neftçi" isə bu gün futbol keyfiyyətindən və yanaşmadan çox uzaqdır. "Qarabağ"a çatması isə mümkün deyil. İllərlə ola bilər. Amma bugünkü gündə çox çətindir.