Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”
14.09.2022 - 12:41
Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

“Cəbhədə həyatını itirənlərin ailəsinə və yaxınlarına başsağlığı verirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Kadi Borqes deyib.

Braziliyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin “Nant”la ev oyunu öncəsi mətbuat konfransında iştirak edib. 26 yaşlı futbolçu sabah baş tutacaq görüş haqda fikirlərini açıqlayıb: “Ölkə üçün çətin dönəm olduğunu bilirəm. Şəhidlərin ailə üzvlərini qucaqlamaq və bağrıma basmaq istərdim. Bizi rəqabətli matç gözləyir. Rəqib haqqında məlumat almışıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq. Bu görüşdə qalib gəlmək istəyirik. Çəkinmədən, qorxmadan həmişə etdiklərimizi reallaşdırmaqla, onların üzərinə getməklə qalib gələ bilərik”.

Cənubi amerikalı legioner cəbhədə baş verənlər barədə məlumatları sosial şəbəkələrdən aldığını bildirib: "İnsanlarla ünsiyyət qururuq. Onlar öz kədərlərini bildirirlər. Ailə üzvlərini itirənlər də bir qəhrəmandır. Belə çətinliklərlə baş-başa qalmaq asan deyil. Biz meydanda oyunumuzla onları az da olsa sevindirməyə çalışacağıq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nant” qarşılaşması saat 20:45-də başlayacaq.

0