“Nant”la Bakıdakı oyuna baxanda elə bilirdim ki, fransızlar önünə çıxan “Qarabağ” yox, “Barselona”dır. Eyni oyunu göstərsələr, “Frayburq” da qarşılarında tab gətirməz”.
Bunu apasport.az saytına açıqlamasında Azəbaycan millisinin sabiq futbolçusu Kamal Quliyev deyib.
Futbol veteranı Ağdam klubunun Avropa Liqasının qrup mərhələsində “Frayburq”la bu gün keçirəcəyi oyunu dəyərləndirib. O, Almaniya klubunun qrup birinciliyini təmin etməsinin “Qarabağ”a xeyri dəyəcəyini hesab edir: “Hazırda bütün ölkənin gözü “Qarabağ”ın üzərindədir. Bu amil komandanın məsuliyyətini birə-beş artırır. “Frayburq”un baş məşqçisi yəqin ki, bir çox oyunçusunu ölkə çempionatı üçün qoruyacaq. Mən bunu “Qarabağ” üçün böyük üstünlük sayıram. Çünki istənilən halda əsas heyətlə ehtiyat oyunçuların səviyyəsi eyni ola bilməz”.
46 yaşlı mütəxəssis Azərbaycan çempionunun qələbəsinə inandığını bildirib: “Əminəm ki, bu gün oyundan sonra kimə gəldi zəng vurub qələbə münasibətilə təbrik edəcəyəm. Çünki “Qarabağ”ın qələbəsinə çox inanıram. Fubolda bəxtsizlik deyilən bir şey var. Məsələn, iki metrlik məsafədən vurursan, top qapıdan keçmir. “Frayburq” yalnız belə futbol şansı sayəsində buradan xalla gedə bilər. Ancaq buna da inanmıram”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” oyunu saat 21:45-də başlayacaq.