“Kəpəz”dən iddialı açıqlama: “Qarabağ”la matçda əlimizi yanımıza sallamayacağıq”
01.09.2022 - 14:30
“Kəpəz”dən iddialı açıqlama: “Qarabağ”la matçda əlimizi yanımıza sallamayacağıq”

"Rəqib həddindən artıq güclü komandadır. Digər klublardan fərqli futbol oynayırlar”.

Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in müvəqqəti baş məşqçisi Xaliq Mərdanov deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən çalışdırıcı Misli Premyer Liqasının V turunun bugünkü görüşü barədə fikirlərini bildirib: “Qarabağ” Avropa futbolu nümayiş etdirən komandadır. Biz də çalışacağıq ki, əlimizdən gələni edək, rəqibə qarşı oyun nümayiş etdirə bilək. Əlimizi-qolumuzu yanımıza sallamayacağıq. Qorxaq futbol yox, ehtiyatlı futbol oynayacağıq. Bəzi futbolçular təəssüf ki, bunları qarışdırırlar”. 

Mərdanov heyətdəki itkilərə görə təəssüfünü də gizlətməyib: “İtkilərimiz də var. Həm zədəli, həm də cəzalı futbolçularımız bizə kömək edə bilməyəcəklər. Oyuna hazırlığımız yaxşı keçib. İlk günlər uşaqların əhval-ruhiyyəsi aşağı səviyyədə idi. Məğlubiyyətlərdən dolayı üzərlərində təzyiq var idi. Onlara motivasiya verməyə çalışdıq. İndi durumları daha yaxşıdır".

Qeyd edək ki, bu gün keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.
 

0