Kombuare: “Qarabağ”a yaxşı komanda olduğumuzu sübut etməliyik”
14.09.2022 - 17:35
Kombuare: “Qarabağ”a yaxşı komanda olduğumuzu sübut etməliyik”

“Təhlükə hər zaman var”.

Apasport.az saytının məlumatına görə, bunu “Nant”ın baş məşqçisi Antuan Kombuare deyib.

58 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ”la sabah keçiriləcək oyununa həsr olunan mətbuat konfransında iştirak edib. Kombuare Tofiq Bəhramov adına Respublika stadionundakı görüş barədə fikirlərini bildirib: “Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik. Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. "Qarabağ"ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə həvəslə oynayacaqlar. Biz də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Liqa 1 və Avropa Liqası arasında fərq qoymuruq". 

Kombuare “Qarabağ”ı yaxşı analiz etdiyini gizlətməyib: "Qarabağ"ın əvvəlki matçlarını izləmişik. Rəqibin avrokuboklarda nə qədər təcrübəyə malik olduğunu bilirik. Onlar asanlıqla hücuma keçirlər. Bunun üçün hazırlıq görmüşük. Rəqibin hücumlarının qarşısını almağa çalışacağıq. Buraya yaxşı oyuna görə gəlmişik. "Qarabağ" motivasiyalı olacaq. Bunu bilirik”.

Mütəxəssis futbolçulara fərdi tapşırıqlar verdiyini də bildirib: “Sadəcə, oyunumuzu keçirib evimizə qayıdacağıq. Ard-arda matçlarımız var, istirahət edə bilmirik. Amma hər bir oyunçunun qarşısında həvəslə və tam güclə oynamaq tapşırığı qoymuşam. Əlimizdən gələni etməli, bütün gücümüzü qoymalıyıq”.

Qeyd edək ki, sabah baş tutacaq “Qarabağ” – “Nant” oyunu saat 20:45-də başlayacaq.
 

0