Kristian Avram: "İqorla bir-birimizi bir az anlaya bilmədik" - MÜSAHİBƏ
22.09.2024 - 18:29
Kristian Avram: "İqorla bir-birimizi bir az anlaya bilmədik" - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın qolkiperi Kristian Avram apasport.az saytına müsahibə verib.

- "Turan Tovuz"la matçda qələbə qazanmağı bacardınız. Qarşılaşma sizin üçün necə alındı?
- Matç həqiqətən də çox çətin və planlaşdırdığımız kimi alındı. Həm "Turan Tovuz", həm də biz öz futbolumuzu oynamağa çalışırdıq. Bəlkə də, epizodlar olaraq, gözlədiyimizdən də çətin alındı. Amma əsas odur ki, biz istədiyimiz üç xalı əldə edə bildik. 

- İkinci hissənin əvvəlində "Turan Tovuz"un futbolçusunun cərimə zərbəsindən vurduğu qolu necə şərh edəcəksən? Top ayaqlarının arasından qapısından keçdi. Deyəsən, həmin anda İqor Ribeyro ilə anlaşa bilmədiniz... 
- Doğrudur, İqorla bir-birimizi bir az anlaya bilmədik. Təəssüf ki, qol buraxdıq. Amma sonradan düzgün nəticə çıxardıq. İqorla bir-birimizə dəstək olduq, həmin epizodu unudaraq, sona qədər qələbə üçün oynadıq. Sonda da elə qlaibiyyəti əldə etdik.  

- "Turan Tovuz" bu oyuna qədər Premyer Liqanın lideri idi və bu mövsüm onları ilk dəfə siz məğlubiyyətə uğratdınız. Bu fakt sizə qarşıdakı matçlar üçün də böyük motivasiya və inam qazandıracaq?
- Ümumiyyətlə, hər bir qələbə komandaya böyük inam və motivasiya qazandırır. "Turan Tovuz"a qarşı səfərdə oynamaq asan məsələ deyil. Biz isə bunu etməyi bacardıq. Ona görə də, azarkeşlərimizi də bu cür qələbə münasibətilə təbrik edirəm. 

- "Araz-Naxçıvan" bu mövsüm startı çox uğurlu verib. Artıq ikinci ildir ki, komandadasan. Demək olar ki, bu mövsüm komandanız ötən ilkindən daha güclüdür?
- Mən hansı komandanın daha güclü olduğunu deyə bilmərəm. Heç bu haqda düşünməmişəm. Vacib olan odur ki, komanda kimi irəliyə doğru gedirik. Düzü, mən indi bu haqda yox, qarşıdakı oyunlar, uğurlu nəticələr qazanmaq haqda düşünürəm. Yaxşı komandamız var və meydanda sona qədər mübarizə aparırıq.

- Premyer Liqanın 8-ci turunda rəqibiniz "Səbail" olacaq. Həmin görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?
- "Turan Tovuz"la görüşdən sonra əsas olan düzgün və yaxşı bərpa olunmaqdır. Qarşıda vacib oyunlar var. Maksimum dərəcədə növbəti oyunlara hazır olmaq lazımdır. Bəli, növbəti turda "Səbail"lə qarşılaşacağıq. Dediyim kimi, yaxşı bərpa edildikdən sonra hazırlaşacağıq. Məşqçilər korpusumuz rəqib haqda məlumat verəcək, necə oynamaq lazım olduğunun göstərişini verəcək. İnanıram ki, hər şey yaxşı alınacaq.

- Bu mövsüm avrokuboklar şansınızın daha da çox olduğunu və liqanın sonunda avrokuboklar zonasında olacağına inanırsan?
- Bilirsiz, biz turnir cədvəlində mümkün qədər yuxarı pillələrdə yer almaq istəyirik. İndi isə mövsüm yeni başlayıb. Hələ ki, cəmi 7 tur geridədir. Qarşıda isə oyunlar çoxdur. Bu mənada, gəlin çempionatı izləyək və mayda hər şeyi görəcəyik. Biz isə üzərimizə düşəni sona qədər meydanda yerinə yetirməyə çalışacağıq.

0