Krunoslav Renduliç: “Buna görə məmnun deyiləm”
22.09.2024 - 20:15
Krunoslav Renduliç: “Buna görə məmnun deyiləm”

Misli Premyer Liqasının VII turunun "Səbail" - "Zirə" matçından (2:4) sonra qonaqların baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib. 

"Biz bura xal götürməyə gəlmişdik. Buna görə oyunçularımı təbrik edirəm. Futbolçularım yaxşı oynadı. Deyə bilmərəm ki, çox yaxşı və mükəmməl oynadılar. Çünki yenə qapımızda iki qol gördük. Buna görə də məmnun deyiləm. Hücum xəttinin oyununa görə razıyam. Bilirik ki, bizim üçün burada çətin olacaq. Sonuncu qələbəmizi iki il öncə əldə etmişik. "Səbail" yaxşı oynadı. Amma biz daha yaxşı idik".

- Böyük üstünlüyünüz var idi. Niyə oyun birdən-birə bu qədər çətin oldu?
- Müdafiədə səbirli oynamalıyıq. Hər vəziyyətə 100 faiz yanaşmaq lazımdır. Bu sadəcə keyfiyyətdən asılı olan məsələ deyil. Hər vəziuyyətə yuxarıdan aşağı baxmaq lazım deyil, daha diqqətli oynamaq lazımdır. Bunu oyundan qabaq da demişdim. Müdafiədə daha məsuliyyətli olmalıyıq.

- Bu gün matç heç-heçə bitsəydi, uğur sayılacaqdı?
- Bir xaldan məmnun olmazdım. Çünki oyun başlayandan qələbəyə daha yaxın idik. Hələ VAR iki qolumuzu ləğv etdi.

- Hər qələbə sizi çempionluğa yaxınlaşdırır, yoxsa "Qarabağ"ın olduğu yerdə çempionluq mümkün deyil?
- "Qarabağ" çox böyük keyfiyyətə malikdir. Bu faktdır. Biz oyundan-oyuna irəliləyirik. Heç vaxt nə baş verəcəyini deyə bilmərik. Gələcəkdə nə olacaq, o haqda çox da fikirləşmirik. Sabahdan "Qarabağ"la oyuna hazırlaşacağıq. Çünki onlar növbəti rəqibimizdir.

- Birinci hissədə qolunuz ləğv olunanda Şahin Diniyev sizin ehtiyat skamyaya yaxınlaşdı. Sizə nə dedi?
- Xüsusi şey demədi. Sadəcə dedi ki, orada foul var idi.

- Oyunlar zamanı çox sarı və qırmızı vərəqələrlə cəzalandırılırsız. Bunu normal hesab edirsiz?
- Bu normal deyil. Amma futbolda bəzən baş verir. Hansısa epizoda çatmırsan, foul alırsan. Oyunun başlanğıcında bəzi sarı vərəqələri qəbul edərəm. Amma hakimə şikayət edib, vərəqə almağı qəbul etmirəm.

0