Misli Premyer Liqasının XVI turunun "Turan Tovuz" - "Şamaxı" matçından (3:2) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"İki fərqli hissə izlədik. İlk yarıda həvəssiz oyun nümayiş etdirdik. Amma ikinci hissədə tam əksi oldu. Futbolçular öz xarakterlərini göstərdilər. Onlara görə sevinirəm".
- Azarkeş olsaz, "Turan Tovuz"un oyunundan zövq alarsız?
- İlk hissədən yox. Amma ümumilikdə yaxşı təsir bağışladığımız və ya əksinə anlar olub.
- Araş Qaderini bundan sonra da hücumda oynatmaq fikriniz var?
- Araşı tanıdığıma görə onu meydana buraxdıq. Stressli anlarda yaxşı oynamağı bacarır. Yavaş-yavaş əvvəlki formasını bərpa edir. Mən onu İrandan tanıyıram.
- "Şamaxı"nın ikinci qolundan əvvəl qayda pozuntusu gözlədiz, sizin də ləğv olunan qolunuz oldu. Bu epizodları necə şərh edərdiniz?
- Hamı səhv edə bilər. Məşqçilər də, oyunçular da, təbii ki, hakimlər də. Əsas odur ki, bilərəkdən olmasın. Allah hər şeyi görür.
- Deniz Marandiçidən sonra bu gün Xəyal Nəcəfov da zədələndi. Qarşıdakı matçlarda heyətlə bağlı problem yaşamayacaqsız?
- Bu gün Fərid Yusifli özünü yaxşı tərəfdən göstərdi. Xəyalın da növbəti oyuna hazır olacağını gözləyirik. Zədəsi ciddi deyil.
- Qələbəni Denis Marandiçiyə həsr edirsiz?
- Əlbəttə ki, onun yoxluğunu hiss etdik, Bu gün futbolçular Denisin formasını nümayiş etdirdilər. Uşaqlar onunla mütəmadi əlaqə saxlayır. Bu gün qələbəni Denisə həsr etdik.
- Qış hazırlığı ilə bağlı planınız nədir? Sizcə vaxt az deyil?
- Müddəti federasiya müəyyənləşdirir. Təbii ki, vaxt azdır. Futbolçular yaxşı istirahət etməlidir. Biz 4-13 yanvar tarixləri arasında Türkiyədə hazırlıq keçməyi düşünürük.
- Qələbədə azarkeşlərin payı nə qədərdir?
- Ən yaxşı azarkeşlər bizdədir. Səfərdə də bizimlə olurlar.