Laurentsiu Regekampf: "Futbolçular "Aris"in üstün cəhətlərini bilir"
20.07.2022 - 21:00
Laurentsiu Regekampf: "Futbolçular "Aris"in üstün cəhətlərini bilir"

“Bizim üçün çox vacib oyun olacaq. İlk rəsmi matçımızdır".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu “Aris”lə keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis sabah “AEK Arena”da baş tutacaq qarşılaşma öncəsi komandasının hazırlığını dəyərləndirib: “Ağır təlim-məşq toplanışını geridə qoymuşuq. Düşünürəm ki, sabah çox yaxşı oyun nümayiş etdirəcəyik. İnanıram ki, növbəti mərhələyə adlamaq üçün böyük addım atacağıq".

Baş məşqçi start heyətini indidən açıqlamağın doğru olmadığını düşünür: "Sabahkı oyunun heyətini deyə bilmərəm. Təlim-məşq toplanışında bir çox şeyləri sınamışıq. Çalışacağıq ki, ən yaxşı "11-liy"i seçək. Elə oynamalıyıq ki, bütün rəqiblər bizə qol vurmaqda çətinlik çəksin. Söhbət təkcə müdafiədən yox, bütün heyətdən gedir. Çünki komanda 3-4 oyunçudan ibarət deyil".

Regekampf "Aris"in daha hazırlıqlı komanda olduğunu bildirib: "Keçmişdə baş verənlər önəmli deyil. Əsas sabahkı mübarizədir. "Aris" çox yaxşı komandadır, çoxlu əcnəbi futbolçuları və güclü baş məşqçiləri var. Aqressiv futbol oynayırlar, uzun müddətdir bir yerdədirlər. Ona görə də, onlar üçün hansısa problemi aradan qaldırmaq daha rahatdır. Sabah "Aris"ə qarşı heç də asan oyun gözlənilmir. Məncə, futbolçularım rəqibin üstün cəhətlərini bilirlər. Sabah onlar aqressiv, çox yüksək pressinq tətbiq edəcəklər. Fiziki cəhətdən də hazırlıqlıdırlar. Bundan ehtiyatlanmalıyıq. Kipr klubu evdə oynayacaq, azarkeş amili də onlara kömək olacaq. Buna baxmayaraq, komandama inanıram".

Çalışdırıcı əlavə edib ki, Larnakadakı matçdan sərfəli nəticə ilə dönməyi hədəfləyirlər: "Düşünmürəm ki, nəticə haqda indidən danışmaq vacibdir. Hər bir pozitiv nəticə bizim xeyrimizə olacaq. Çünki bir həftə sonra evdə cavab matçımız var. Bura futbol oynamağa gəlmişik. "Aris"ə hörmətlə yanaşırıq. Amma gizlətmirik ki, bura sərfəli nəticə ilə qayıtmağa gəlmişik".

Regekampf oyun fəlsəfəsini tam tətbiq etmək üçün zamana ehtiyaclarının olduğunu söyləyib: "Futbolçularıma mesajım açıq-aydındır. Mən və məşqçi heyətim oyunçularla hər gün çalışırıq. Bu müddət ərzində mentalitetimizi onlara tətbiq etməyə çalışmışıq. Ancaq müddət az idi. Eyni anda da fiziki cəhətdən onları hazırlamaq lazım idi. Bəzi futbolçular komandaya gec qoşuldular. Məncə, bir az da vaxta ehtiyacımız var ki, necə oynamaq istədiyimizi onlara tam aşılaya bilək. Beynəlxalq oyunlarda təcrübəm var. Bildiklərimin hamısını oyunçularıma çatdırmağa çalışıram. Amma meydanda oynayan onlardır. Futbolçular orada məsuliyyəti üzərlərinə götürməlidirlər. Çox təcrübəli oyunçularımız var. Sabahkı görüşdə də bu təcrübə bizə lazımdır. Bir yerdə, komanda şəklində oynamaq çox vacibdir".

O, sabah "Neftçi"nin sabah müdafiə futbolu sərgiləyib-sərgiləməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Oyunun hər epizodu üçün yaxşı taktika seçməliyik. Bizim planımız var. Amma matç boyu hər şey dəyişə bilər. Hər qarşılaşmanın dinamikası, qurulan taktika hər an dəyişə bilər. Sabah çalışacağıq yaxşı oyun nümayiş etdirək. Bayaq da vurğuladığım kimi, komanda şəklində mübarizə aparmalıyıq. Problemlərimizi geridə qalan günlər ərzində aradan qaldırmağa çalışdıq. Oyunçularla topun rəqibin cərimə meydançasına necə daşımaları barədə danışmışıq. Ondan sonrası futbolçunun keyfiyyətindən asılı olan şeydir. Əminliklə deyə bilərəm ki, bizim komandada belə keyfiyyətli oyunçular var".

0