“Lex”in baş məşqçisi: "Bakıya qələbə qazanmaq üçün gəlmişik"
11.07.2022 - 18:42
“Lex”in baş məşqçisi: "Bakıya qələbə qazanmaq üçün gəlmişik"

“Bu ölkədə olmaq çox xoşdur".

Apasport.az saytının məlumatına görə, bunu “Lex”in baş məşqçisi Con van den Brom Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Niderlandlı mütəxəssis sabahkı qarşılaşmaya hazır olduqlarını söyləyib: “İstənilən hava şəraitində oynamaq xoşdur. Bakıdakı hava bizim üçün çətinlik yaratmaz. Günəşli havanı hamı sevir. Düşünürəm ki, bu, bizim üçün problem olmayacaq. Ötən həftə Polşada da eyni hava şəraiti idi".

- Poznanda müdafiədən oynadınız. Sabah da eyni taktikaya sadiq qalacaqsınız?
- Ötən oyundan əvvəl də bizə bəlli idi ki, "Qarabağ"ın çox güclü oyunçuları var. Bu baxımdan onlara boş zona verməməyə çalışdıq. Bu dəfə də onlara boş zona şəraiti yaratmayacağıq.

- Heyətinizdə problem var?
- 3 oyunçumuz sabahkı görüşdə meydana çıxmayacaq. İlk oyunda çətinliklə də olsa, qalib gəldik. İnanıram ki, sabah da belə olacaq. Bizim 18 meydan oyunçusu və 2 qapıçımız var. Heyətdəki itkilərin bizə problem yaradacağını düşünmürəm. 

- İlk oyundan əvvəl heç-heçənin sizə sərf edəcəyini düşünə bilərdiniz. Poznandakı nəticədən sonra cavab matçında da qələbə barədə fikirləşirsiniz?
- Düzdür, cavab görüşündə heç-heçə qənaətbəxş nəticə sayılacaq. Amma mən heç vaxt komandamı meydana bərabərlik üçün çıxarmamışam. Bakıya qələbə qazanmaq üçün gəlmişik. Görüşün gedişatında vəziyyət heç-heçə etməyə vadar etsə, buna uyğun oynayacağıq.

- "Qarabağ" Polşa klublarını indiyə qədər həmişə məğlub etmişdi. İlk görüşdən sonra Polşada sizə qisasçı gözü ilə baxırlar. Bu amil sizə əlavə motivasiya verirmi?
- Keçmişdə nə olubsa, buna görə nə mən, nə də futbolçularım məsuliyyət daşıyır. Biz yalnız sabahkı görüşə köklənmişik. "Qarabağ"ın Polşa klubları ilə qarşılaşması uğurlu olubsa, bu seriyanı qırmağa çalışacağıq.

- Sabahkı oyunu karyeranızdakı bütün matçlardakı əhəmiyyət və uğur baxımından necə dəyərləndirərdiniz?
- Bunu sübut eləməyə ehtiyac yoxdur ki, avrokuboklarda çıxış etmək hər bir klubun arzusudur. Burada olmağımızın səbəbi odur ki, avrokuboklarda iştirak etməyə yönlüyük. Əvvəlki oyunlarım da maraq baxımından önəmli olub. Ancaq sabah burada qazanacağımız uğur Avropa miqyaslı yarışda mübarizəni davam etdirmək baxımından daha vacib olacaq.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. İlk görüşdə polşalılar 1:0 hesablı qələbə qazanıb.

0