Lukas Afriko: "Qarabağ"ın futbolçusu qarşılaşdığım ən yaxşı hücumçudur" - Müsahibə
02.07.2024 - 17:17
Lukas Afriko: "Qarabağ"ın futbolçusu qarşılaşdığım ən yaxşı hücumçudur" - Müsahibə

“Qəbələ”dən ayrılaraq Portuqaliyaya yollanan Lukas Afriko yüksək liqa klublarından olan “Farense” ilə müqavilə imzalayıb.

Apasport.az saytına müsahibə verən braziliyalı müdafiəçi Azərbaycan çempionatı haqda danışıb.

- “Farense”yə keçidin necə baş tutdu? Portuqaliya klubu sizi çoxdan istəyirdi, yoxsa “Qəbələ”dən ayrıldıqdan sonra bu baş tutdu?

- Portuqaliyanın digər klubları da mənimlə artıq maraqlanırdılar. Ancaq “Farense” bir müddət əvvəl mənimlə maraqlanmağa başladı. Onlar mənimlə danışdı. Bu da mənim xoşuma gəldi. Sonda da “Qəbələ”dən ayrıldıqdan sonra “Farense”yə keçməyə razılıq verdim.

- “Qəbələ”dən ayrıldıqdan sonra Azərbaycanda qalmaq imkanın var idi? 
- Xeyr, Azərbaycanın heç bir klubundan təklif almamışdım. Ona görə də, Portuqaliyadan gələn təklifləri dəyərləndirməyə qərar verdim. Elə “Farense”də oynamaq istədim.

- Ümumiyyətlə, təklif gəlsəydi, Azərbaycanda qalardın?
- İndi bu haqda danışmaq istəmirəm. Çünki Azərbaycan klublarından təklif almamışam. Siz deyən məsələ isə klubdan və alacağım təklifdən asılı olacaqdı. Olmadığı üçün nəsə demək istəməzdim.

- “Qəbələ” Premyer Liqada qala bilmədi. Sizcə niyə bacarmadınız? Problem nə idi?
- Təəssüf ki, biz bunu edə bilmədik, liqada qalmağı bacarmadıq. Bu, hər kəsin məsuliyyətidir. Birinci divizionda davam edə bilərdik. Lakin aşağı liqaya düşməyi müəyyən edən bir faktor yoxdur. Həm meydanda, həm də meydandan kənarda bir neçə amil var idi.

- Ümumiyyətlə, Azərbaycanda karyeran necə keçdi? Şəxsi performansını necə dəyərləndirirsən?
- Azərbaycandakı karyeram yaxşı alındı. Doğrudur, “Qəbələ” aşağı liqaya düşdü. Lakin fərdi olaraq yaxşı mövsüm keçirdiyimi düşünürəm.

- Azərbaycan Premyer Liqası sənin üçün necə yadda qaldı? Hansı hücumçuya, hansı komandaya qarşı oynamaq daha çətindi?
- Karyeramda hər mövsümün öz izləri var. Azərbaycan Premyer Liqası da öz xatirələri ilə yadda qaldı. “Qarabağ”a qarşı oynamaq inanılmaz idi. “Neftçi” və “Zirə”yə qarşı oynamaq da həqiqətən yaxşı idi. Azərbaycan Premyer Liqasında yaxşı futbolçular oynayırdı. Hücumçulardan isə “Qarabağ”ın forvardı Juninyonu qeyd etmək istəyirəm. O, qarşılaşdığım ən yaxşı hücumçudur.

- Portuqaliya və Azərbaycan çempionatları arasında böyük fərq var idi? Gələcəkdə yenidən Azərbaycana qayıtmaq istəyirsən?
- Bəli, Portuqaliyada daha rəqabətli çempionat var. Burada daha böyük komandalar var və onlar həmişə Çempionlar Liqası və Avropa Liqasında oynayırlar. Azərbaycana gəlmək variantına gəldikdə, biz gələcəyi heç vaxt ehtimal edə bilmərik. Hər şey ola bilər.

- “Porto” və “Benfika”ya qarşı oynamaq çətindir, yoxsa “Qarabağ”a?
- “Farense”nin heyətində “Porto”ya qarşı oynamaq daha çətin olacaq.

0