Millimizdən tarixi nəticə - Avropada 38-ci
27.09.2022 - 10:58
Millimizdən tarixi nəticə - Avropada 38-ci

Azərbaycan yığmasının Millətlər Liqasındakı yekun mövqeyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri Avropada 38-ci olub.

Bu, VI turun ikinci oyun günündən sonra dəqiqləşib. Komandamız C liqasının ikinci yer sahibləri arasında 2-ci olub.

Bu, liqada 6-cı, turnirdə 38-ci deməkdir. İlk iki divizionda oyunlardan kənarlaşdırılan Rusiya da daxil olmaqla 32 yığma mübarizə aparır.

Gücünə görə üçüncü sayılan C liqasında 33-36-cı yerləri qrup qalibləri bölüşüb. İkincilər isə 37-40-cı pillələrdə qərarlaşıb.

10 xala malik Azərbaycan yığması Avropanın 10-cu “dördlüy”ündə yalnız Lüksemburqdan geri qalıb. Düzdür, 2-ci qrupun ikincisi hələ müəyyənləşməyib. Amma nə Kosovo, nə Şimali İrlandiya, nə də Kipr millimizə çata bilər.

Yığmamızı 39-cu yerə düşməkdən Bolqarıstan xilas edib. Şimali Makedoniya 38-ci pilləni millimizdən ala bilərdi. Amma Bolqarıstanın qələbə ilə qrupda ikinci yerə yüksəlməsi komandamızın işinə yarayıb.

Bu, Azərbaycan futbolu tarixində Millətlər Liqasındakı ən yaxşı göstəricidir. 2018/19 mövsümündə Qurban Qurbanovun rəhbərlik etdiyi yığma turnirdəki debütündə 46-cı yeri tutub. 2020/21 mövsümünə də Canni de Byazi ilə qatılan komandamız üç pillə irəliləyib və 43-cü olub. Bu dəfə isə daha 5 addım yüksəlməklə 38-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, C liqasının 3-cü qrupunda çıxış edən millimiz 6 oyunda 3 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə 10 xal toplayıb.

4