Millimizin üzvü: "Hədəflərim arasında ən birincisi Avropada oynamaqdır" - Müsahibə
11.09.2024 - 17:58
Millimizin üzvü: "Hədəflərim arasında ən birincisi Avropada oynamaqdır" - Müsahibə

Azərbaycanın U-21 yığma komandamızın üzvü Abdulla Rzayev apasport.az saytına müsahibə verib.

- Azərbaycan yığması dünən Serbiya ilə görüşdə meydanı məğlub tərk etdi. Səncə, hesab oyuna görə oldu?
- Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Əlimizdən gələni də etdik. Amma məncə, hesab oyuna görə deyildi.

- Necə düşünürsən, komandamızın bu oyunda məğlub olmasının əsas səbəbi nə idi? Yəqin ki, rəqibə uduzmamaq olardı? Bəxtsizlik və ya ustalıq səviyyəsi məğlubiyyətin səbəblərindən biri ola bilər? 
- Dediyim kimi, biz oyuna uğurlu nəticə üçün çıxmışdıq. Əlbəttə ki, qələbə qazanmağı çox istəyirdik. Qələbə olmasa da, ən pis halda uduzmamağa çıxmışdıq. Ancaq təəssüf ki, nəticə alınmadı. Halbuki yaxşı oynadıq, qol imkanlarımız da az olmadı. Çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Sonra da qapımızda qol gördük. Epizodlarımızı qola çevirsəydik, hər şey çox fərqli olacaqdı.

- Penalti qazanmağımıza səbəbkar sən oldun. Penaltini bəlkə özün yerinə yetirərdin? Yoxsa, istəsəydin də olmayacaqdı? 
- Doğrudur, penaltini mən qazandım. Amma penaltini mən qazanmışamsa, bu o demək deyil ki, cərimə zərbəsini mən özüm yerinə yetirməliyəm. Əvvəlcədən baş məşqçi tərəfindən deyilir ki, penaltini kim vuracaq. Bundan əvvəlki matçda Bakıda Lüksemburqla oyunda da penaltini mən qazanmışdım. Qolu isə Nəriman Axundzadə vurmuşdu. Eyni hadisə oldu. Sadəcə bu dəfə qolla nəticələnmədi. Biz bir komandayıq, hamımız nəticə üçün çalışırıq.

- Qarşıda yığmanın iki oyunu qalıb - Şimali İrlandiya və İngiltərə səfərləri. Səncə, bu iki oyunda nəyəsə ümid etmək olar? Yoxsa onlara qarşı matçlarda şansımız yox kimidir?
- Bu oyuna qədər də əlimizdən gələni etmişik. Şanslarımız da az olmayıb. Sadəcə epizodları qola çevirə bilməmişik. Şimali İrlandiya və İngiltərə ilə görüşlərdə də ən yaxşısı üçün meydana çıxacağıq. Çalışacağıq ki, ən yaxşı şəkildə oynayaq.

- Əslində, U-21 yığması əsas milliyə gedən yoldur. Sən də U-21 yığmasında meydana çıxdığın oyunları ən yaxşı səviyyədə keçirənlərdən birincisisən. Əsas milliyə özün üçün yol edə bilmisən, səncə? Artıq özünü əsas milli üçün hazır hesab edirsən?
- Meydana çıxdıqda maksimumu etməyə çalışıram. Təbii ki, hər bir futbolçunun hədəfi əsas millidə oynamaqdır. Mənim də hədəfim budur. Mən hər dəfə növbəti matça fokuslanıram. İndi də növbəti görüşlərə fokuslanmışam. Milli qürur yeridir, orada oynamaq, o forma üçün sona qədər vuruşmağa hazıram.

- U-21 yığmasında beynəlxalq görüşlərdə çox yaxşı oynayırsan. Maraqlıdır, heç olub ki, xarici skautlar, xarici klubların nümayəndələri səfər görüşlərindən sonra sənə yaxınlaşsın və ya təklif göndərsin?
- Rəsmi olaraq heç kim təklif etməyib. Amma mənim özümün hədəflərim arasında ən birincisi Avropada oynamaqdır. Bunun üçün çalışıram. Alınarsa, bu addım atmaq istəyərəm. Avropada Azərbaycanı təmsil etməyi, legioner həyatı yaşamağı istəyərdim.

0