Millinin baş məşqçisi: “Sabah” hələ o səviyyəsində deyil”
04.11.2022 - 14:36
Millinin baş məşqçisi: “Sabah” hələ o səviyyəsində deyil”

“Neftçi” Azərbaycan çempionatı üçün yaxşı komandadır. Ancaq müqayisə aparsaq, “Qarabağ”dan hərtərəfli zəifdir”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Elxan Abdullayev deyib.

Misli Premyer Liqasında hazırkı durumu dəyərləndirən mütəxəssis hesab edir ki, “Neftçi” ilə “Sabah” ikinci yer uğrunda bir-biri ilə mübarizə aparacaq: “Kimisə indidən ikinci və ya üçüncü yerdə göstərmək üçün tezdir. Qarşıda hələ çox oyun var, hər şey ola bilər. “Neftçi” teoretik olaraq çempion da ola bilər. Lakin bu, heç də inandırıcı deyil. Buna baxmayaraq, ikinci yer uğrunda rahat mübarizə apara bilər. “Sabah”la arasında cəmi 6 xallıq fərq var. Qış fasiləsində bəlkə heyəti 5-6 yaxşı futbolçu ilə gücləndirəcəklər. Buna görə də nəsə demək üçün qış fasiləsindən sonranı gözləmək lazımdır”.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi çempionatda ikinci sırada qərarlaşan “Sabah”ı hələ də çempionluğa hazır saymır: “Sabah” üçün hələ tezdir. “Sabah” hələ “Qarabağ” səviyyəsində deyil. Yaxşı komandadır, hansısa matçda ağdamlılara qalib gələ də bilər. Ancaq bu gün “Qarabağ” bütün komandalardan üstündür. Onları kiminsə qabaqlaması inandırıcı deyil”.

Qeyd edək ki, ehtiyatında bir oyun olan “Qarabağ” 33 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” 31 xalla 2-ci, “Neftçi” isə 25 xalla 3-cü pillədə qərarlaşıb.

0