Mixal Bilek: "Bizim qələbə şansımız daha çox idi"
17.08.2022 - 23:03
Mixal Bilek: "Bizim qələbə şansımız daha çox idi"

"Oyundan əvvəldən “Qarabağ"a böyük hörmətimiz var idi".

Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Viktoriya” (Plzen) klubunun baş məşqçisi Mixal Bilek Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la qolsuz bərabərə qaldıqları ilk oyun barədə danışarkən deyib.

57 yaşlı mütəxəssis qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Biz bu gün açıq futbol sərgiləsəydik, oyun daha sürətli və qaynar keçərdi. Ancaq əsas məqsədimiz müdafiədən oynamaq, əks-hücumlar qurmaq idi".

- Nəticə sizi qane etdi?
- Nəticədən razıyıq. Çünki ölkəmizdə bu rəqiblə daha ağır oyun gözləyir. Həmin matça xüsusi hazırlaşacağıq. "Qarabağ" kifayət qədər güclü komandadır. Çünki 3 güclü rəqibini mübarizədən kənarlaşdırıb. Bu gün şanslarımız da oldu. Qapı və müdafiə xəttimiz çox yaxşı idi. Düşünürəm ki, bu gün bizim qalib gəlmək şansımız daha çox idi.

- Futbolçularınız aqressiv idi və kapitanınız Lukaş Heyda da sarı vərəqə alaraq cəzalı duruma düşdü. Bu barədə nə deyə bilərsiniz?
- Düşünmürəm ki, aqressiv idik. Əsas səbəb o ola bilər ki, hücuma atılmaqda tələsirdik. Bunun təsiri ola bilər. Amma heç bir aqressiya göstərmədən oynadıq. Kapitanımız növbəti matçı buraxacaq. Amma onsuz da yaxşı oyun göstərmək iqtidarındayıq.

- Qapıçınızın çıxışını necə qiymətləndirirsiniz?
- Qapıçımız özünəməxsus oyun sərgilədi. O, Çexiyanın ən yaxşı qapıçılarındandır. İnanıram ki, qolkiperimiz Plzendəki görüşdə də yüksək formasında olacaq.

- Bu gün "Qarabağ" - "Viktoriya", yoxsa "Qarabağ" - qapıçı görüşü 0:0 nəticələndi?
- 0:0 ədalətli nəticədir. Hər iki komandanın şanslarını bərabər görürəm.

- Vatslav Jemelkanın performansından razı qaldınız?
- Bu gün digər matçlardan fərqli idi. Amma ümumi komanda şəklində hamı özünə layiq oyun sərgilədi.

- Azərbaycanlı azarkeşlər sanki özlərini aqressiv göstərirdilər. Oyunçularınız hətta məşq edəndə də onlara təzyiq edirdilər. Bu barədə nə deyə bilərsiniz?
- Düşünmürəm ki, bizə qarşı aqressiv idilər. Əksinə, oyun çox gözəl atmosferdə keçdi. Ölkəmizdəki matçda da öz azarkeşlərimizdən bu cür atmosfer gözləyirəm.

- 6 il əvvəl "Qarabağ"ı səfər qolu sayəsində üstələdiniz. Çexiyadakı cavab görüşündə mərhələ adlamaq üçün sizə hansı amil kömək ola bilər?
- Əsas amillərdən biri bugünkü kimi, qapının etibarlı şəkildə qorunması olacaq.

3