Miyuşko Boyoviç: “Macarıstanda peşəkar klub Azərbaycandakından çoxdur”
02.07.2022 - 15:12
Miyuşko Boyoviç: “Macarıstanda peşəkar klub Azərbaycandakından çoxdur”

“Fehervar” həmişə çətin rəqib olub, Macarıstanda keçirdiyim mövsümlərin birində çempionluq qazanıb”.

Apasport.az saytının məlumatına görə, bunu “Şamaxı”nın sabiq futbolçusu Miyuşko Boyoviç “Fehervar”ın rəsmi saytəna açıqlamasında deyib.

Vaxtilə Macarıstanda çıxış etmiş monteneqrolu müdafiəçi Konfrans Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək “Qəbələ” ilə “Fehervar”ın şanslarını dəyərləndirib. İki ölkə futbolu arasında müqayisə aparan 34 yaşlı oyunçu Macarıstanı daha üstün sayır: “Macarıstanda peşəkar klub sayı Azərbaycandakından çoxdur. Amma orada da futbol çox populyardır. Macarıstanda bir çox legioner çıxış edir ki, buna səbəb Azərbaycan çempionatında eyni vaxtda maksimum 6 oyunçunun meydana çıxa bilməsidir. Macarıstanda infrastruktur daha yaxşıdır, ancaq oyun üslubunda böyük fərq görmürəm”.

Boyoviç ölkəmizdə azarkeş kütləsinin böyük olmadığını vurğulayıb: “Azərbaycanda kiçikdən böyüyə hamı futboldan, xüsusən də, millidən danışmağı xoşlayır. Klubların orta tamaşaçı sayı o qədər də çox deyil, təxminən 1500-2000 civarındadır. Azərbaycanda karate və cüdo hələ də populyar idman növü olaraq qalır. Ailəmlə orada yaşamağı sevirdik. Paytaxt Bakıda oynamışam, böyük şəhərdir. Ora ilə bağlı çox gözəl xatirələrim var. Azərbaycan xalqı əcnəbilərə qarşı çox mehribandır, onlarla birgə olarkən özümüzü yaxşı hiss edirik”.

Bu ilin əvvəlində “Şamaxı”dan Serbiyanın “İndjiya” klubuna keçən Miyuşko “Qəbələ” barədə də fikirlərini bölüşüb: “Qəbələ” yeganə top-komandadır ki, Bakıda oynamır. Klubun özünün beynəlxalq arenalarda çıxış etmə təcrübəsi var, əvvəllər Avropa Liqasının qrup mərhələsində oynayıb. Amma indiki heyət və oyunçular həmin vaxt yox idi. Bəzi mövsümləri zəif keçirdilər, ancaq ötən mövsüm çox yaxşı çıxış etdilər, ilboyu stabil oynadılar. Onlar keyfiyyətli oyunçuları heyətə cəlb ediblər. “Qəbələ”nin braziliyalı mərkəz müdafiəçisi, albaniyalı yarımmüdafiəçisi və iki braziliyalı hücumçusu xüsusi seçilir”.

O, 2019-cu ilin yayında “Şamaxı”ya keçməsinin səbəbini də açıqlayıb: “Uypeştdə” olarkən avrokuboklarda “Neftçi”yə qarşı keçirdiyim oyun “Keşlə” rəhbərliyinin (indiki “Şamaxı”) xoşuna gəldi. Ona görə də həmin vaxt mənə müqavilə təklif etdilər və növbəti iki il yarımı Azərbaycanda keçirdim”.

Qeyd edək ki, “Qəbələ” “Fehervar”a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

0