Murad Musayev: "Kişi mübarizəsi izlədik"
20.08.2022 - 22:36
Murad Musayev: "Kişi mübarizəsi izlədik"

“Oyunun ilk dəqiqələrindən sona qədər özümüzə əmin idik".

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının III turunda “Neftçi” üzərində 2:1 hesablı qələbə qazandıqları görüş barədə danışarkən deyib.

Rusiyalı çalışdırıcı oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Rəqib birinci hissədə öz şansından istifadə elədi. Amma yenə də "sınmadıq". Komanda bu cür oyunlarda formalaşır. Parlaq oyun gördük, hər iki komanda kompromisə getmədi. Kişi mübarizəsi izlədik. "Neftçi" ilə oyunlarımız gərgin keçir. Qələbəyə 90 dəqiqə inanırdıq, eyni zamanda bunu istəyirdik. Bu oyun mental cəhətdən də bizim üçün önəmli idi. Çünki bəzi oyunları yaxşı keçirməyimizə baxmayaraq, "Neftçi"yə uduzmuşduq. Oyunumuzu çoxlu azarkeş izlədi, onlar da hər şeyi gördülər".

O, ilk 3 turu itkisiz başa vurmalarına baxmayaraq, hələ çempionluq barədə düşünmədiklərini vurğulayıb: "Əsas məqsədimiz qarşıdakı oyunu daha yaxşı keçirməkdir. İndi turnir cədvəli yoxdur. Daha yaxşı oynamaq və inkişaf etmək lazımdır. Bu gün 90 dəqiqə mübarizə apardıq. Taktika ikinci planda idi. Sona qədər döyüşməyimiz bizə qələbə gətirdi. Birinci hissədən sonra da uşaqlara sakit oynamalarını tapşırdım. Məhz bu cür davranmaları sayəsində ikinci hissədə üstünlük əldə etdik".

Çalışdırıcı hər üç penaltini fərqli oyunçuların yerinə yetirməsinə də aydınlıq gətirib: "Bizim əsas penalti vuranımız Kristian Sebalyosdur. O meydanda olmadıqda Aleksey İsayev yerinə yetirir. Bu gün üçüncü penaltini Emmanuel Apeh vurdu. Normalda o vurmamalı idi. Amma bəzən futbolçu qol vurmağı çox istəyir. Ona görə də Apehə bu fürsəti verdik".

39 yaşlı məşqçi "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu "Viktoriya" önündə şanslarını da dəyərləndirib: "Viktoriya" arzuolunmaz komandadır. Topu rəqibə verdikdən sonra sərt oyuna çox üstünlük verir. Düşünürəm ki, buradakı oyunlarını öz meydanlarında dəyişməyəcəklər. "Qarabağ"a soyuqqanlı olmağı arzulayıram. Bu şəkildə olsa, inanıram ki, "Qarabağ" mərhələni keçəcək. Amma çox çətin olacaq. Bağlanan komandalara qarşı oynamaq çox çətindir. Əvvəlki mərhələlərdəki rəqiblər qarşılıqlı hücumlar şəkildə oynaya bilirdi. "Viktoriya" isə "bağlanır". İnanıram ki, "Qarabağ" Çexiyada açar tapa biləcək".

Murad Musayev ilk 3 matçlarını müqayisə də edib: "Mövsümün ilk iki turundakı oyunlar bizim üçün asan oldu. Çünki hər iki görüşdə erkən qollar vurmuşduq. "Neftçi"yə qarşı görüş isə çox çətin oldu. Yalnız son 15 dəqiqədə görüşün axarını dəyişə bildik".

0