“Nautiko”dan azad agent kimi “Qarabağ”a gələ bilər
28.06.2022 - 09:29
“Nautiko”dan azad agent kimi “Qarabağ”a gələ bilər

“Nautiko”nun yarımmüdafiəçisi Raldney “Qarabağ”a keçidi hələ də gündəmdədir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu 24 yaşlı orta sahə oyunçusunu azad agent kimi heyətinə cəlb edə bilər.

Ancaq bunun üçün ağdamlılar ilin sonunu gözləməli olacaqlar. Çünki braziliyalı oyunçunun klubu ilə müqaviləsi 2023-cü il yanvarın 1-nə qədərdir. “Qarabağ” onu bu yay transfer etməyə çalışsa da, “Nautiko” rəhbərliyinin tez-tez qiyməti qaldırması danışıqların uğursuz nəticələnməsinə gətirib çıxarıb.

Futbolçu özü də komandası ilə yeni sözləşmə imzalamaqdan imtina edib. Bu isə o deməkdir ki, Raldney iyulun 1-dən etibarən istənilən klubla danışıq aparmaqda sərbəstdir.

Braziliya mətbuatı da oyunçu ilə Azərbaycan klubu arasında əlaqələrin kəsilmədiyini, danışıqların davam etdiyini yazıb.

Qeyd edək ki, “Nautiko”nun yetirməsi olan Raldney 2018-ci ildən əsas komandada çıxış edib.
 

0