“Neftçi” onun təyinatını rəsmiləşdirdi
28.06.2022 - 16:55
“Neftçi” onun təyinatını rəsmiləşdirdi

“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat rəsmiləşib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı təmsilçisi qapıçılar üzrə yeni mütəxəssis gətirib.

“Ağ-qaralar”da bundan sonra həmin funksiyanı Florin Tene icra edəcək. Rumıniyalı mütəxəssis “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

54 yaşlı Florin Tene 2001-ci ildə məşqçiliyə başlayıb. Rumıniya U-21 millisi (2002-2012) ilə yanaşı, bu ölkənin “Sportul Studentsesk” (2001-2002, 2010-2011), “Dinamo-2” (Buxarest, 2005-2006), “Proqresul” (2007-2009), “Otopen” (2009-2010), “Petrolul” (2012-2013), “Dinamo” (Buxarest, 2013), “Styaua” (2013-2014, 2015-2017), “Universitatya Krayova” (2021-2022), Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), BƏƏ-nin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarında işləyib.

O, “Əl Hilal”, “Liteks”, “Styaua”, “Əl Vəhdə”, “Əl Vəsl”, “Əl Əhli” və “Universitatya Krayova” klublarında “Neftçi”nin hazırkı baş məşqçisi Laurentsiu Regekampfla birlikdə çalışıb.

Qeyd edək ki, bundan əvvəl “Neftçi”də 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.
 

0