"Neftçi" üçün həyəcan təbili - 1-ci Liqaya düşə bilər
31.01.2025 - 14:24
"Neftçi" üçün həyəcan təbili - 1-ci Liqaya düşə bilər

Misli Premyer Liqasında XXI tura start verilir. Günün ikinci matçında "Neftçi" doğma meydanda "Şamaxı"nı qəbul edəcək.

Qış fasiləsindən sonra çıxdığı 2 oyundan 1 xalla ayrılan Samir Abasovun komandası üçün kritik perioddur. Bugünkü oyundan alınacaq bir məğlubiyyət, hətta heç-heçə belə komandanın inamını lap sındıracaq. Onsuz da psixoloji olaraq heç cür hazır vəziyyətə gələ bilməyən komanda növbəti xal itkisindən sonra özünü necə toparlayacaq, müəmmalıdır. Hətta bu riyazi baxımdan lap biabırçılığa çevrilə bilər. "Neftçi" bu gün məğlub olsa, öz növbəsində "Kəpəz" və "Səbail" turu qalibiyyətlə bitirsə 88 illik qoca çinar turnir cədvəlində son pilləyə yuvarlanacaq. Hər nə qədər inandırıcı olmasa belə, komandanın 1-ci liqaya düşmə təhlükəsi də var. Yəqin ki, "Neftçi" cəbhəsində hər kəs bunun fərqindədir...

İstənilən hesablı qalibiyyət isə komandanın çöhrəsini birdən-birə dəyişə bilər. Yeni transferlərin də qoşulması ilə özünü toparlamağa çalışan kollektiv üçün 3 xal bəlkə də bir şeylərin qığılcımı olar. Xüsusilə bu period üçün alınan qalibiyyət hər bir halda fiziki olmasa da, ən azından psixoloji olaraq komandanın əlindən tutmuş sayılar. 

Saat 18:30-da başlayacaq olan "Neftçi" - "Şamaxı" matçı bir çox şeyin başlanğıcı və ya bitişi ola bilər...

0