
"Biz ilk matçda açıq-aşkar zəif oynadıq. Toparlanmaq çətin idi. Cavab oyununa qədər cəmi bir məşqimiz olmuşdu".
Apasport.az xəbər verir ki, bunu NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.
O, Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin “Abşeron”la ikinci oyununda qazanılan qələbəni şərh edib: "Birinci oyunu təhlil etdik. İkinci görüşdə nə edəcəyimizi məşq etdik. Bu dəfə daha yaxşı oynadıq. Bərabər səviyyəli mübarizə oldu. Heç bir komanda hesabda böyük fərq yarada bilmədi. Bu qələbə psixoloji baxımdan bizə kömək edəcək. Amma qarşıda ən vacib – üçüncü oyun var. Bu görüş pley-offa kimin çıxacağını müəyyən edəcək. Kubokdan sonra yorğun olduğumuzu deməzdim. Problem zədələrdədir. Tayri Boykin hər iki matçı buraxmalı oldu. Detrek Brauningə 40 dəqiqəni oynamaq lazım gəldi. Akbər Məmmədov da zədə ilə çıxış edor. Amma mən komandama inanıram. Onlar nə etməli olduqlarını və nəyin uğrunda mübarizə apardıqlarını bilirlər. Biz sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, ilk turda uduzan NTD ikinci görüşdə revanş ala bilib.