Orxan Əliyev: "Təmiz qolumu qeydə almadılar"
28.09.2024 - 22:46
Orxan Əliyev: "Təmiz qolumu qeydə almadılar"

“Oyundakı epizodları izləmişik. Həm vurduğum qol təmiziydi, həm də penalti var idi”.

Bu sözləri “Kəpəz”in hücumçusu Orxan Əliyev apasport.az saytına açıqlamasında deyib.

Forvard “Zirə” ilə matçı dəyərləndirib: "Yenə uduzduq. Vəziyyətin heç yaxşı olmadığını görürük. 8 oyuna 8 məğlubiyyət almışıq. Bu durumdan çıxmaq istəyirik. Nə qədər vuruşsaq da, alınmır. Bir var əziyyət çəkməyəsən, amma biz çox çalışırıq. Bu gün təmiz qolumu saymadılar. Hücum epizodu bitmədən hakim oyundankənar vəziyyət qeydə alır. Öncə epizodun bitməsini gözləməlidir, sonra qərarını verməlidir. Çətin durumdayıq. Hamımız birlikdə çox çalışırıq, amma alınmır. Komandanın tam oturuşması üçün də vaxt lazımdır. Qələbə qazanmaqdan başqa şansımız yoxdur".

Əliyev komandanın növbəti rəqibi barədə fikirlərini də bildirib: "Neftçi" ilə oyunda mütləq 3 xalı götürməliyik. Ardıcıl 8 məğlubiyyət bizə çox pis təsir edir. Bəlkə kimsə düşünür ki, bu hal bizim üçün xoşdur. Lakin belə deyil. Evə gəlirsən, dostlarınla görüşürsən, hamı oyunu soruşur. Gəncədə normal gəzə bilmirik. Hər kəs bizdən nəticə gözləyir. Alınmayanda bu bizə psixoloji təsir edir. Təbii ki, Gəncədə oynasaq, tamamilə fərqli olardı. Azarkeşlərimizin dəstəyi ilə çox daha güclü performans göstərərdik. Təsəvvür edin ki, saatyarım Tovuz yol gedirik. O yorğunluqla matçlara çıxırıq. Bu da əlavə çətinlik törədir".

İsmayıl Xeyrullayev

0