Paşa Əliyev: "Əcnəbi mütəxəssislərdən imtina etməliyik" - Müsahibə
15.04.2024 - 19:17
Paşa Əliyev: "Əcnəbi mütəxəssislərdən imtina etməliyik" - Müsahibə

Futbol veteranı, “Xəzri”(Buzovna), “Neftçi”, “Dinamo”(Bakı), “Qarabağ”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Bakı”, “Bakılı” klublarında oynamış, 2000/2001 mövsümünün bombardiri Paşa Əliyev apasport.az saytına müsahibə verib.

- Azərbaycan Premyer Liqasında mövsümün sonuna çox az qalıb. Ümumiyyətlə, bu mövsümkü mübarizəni necə şərh edərdiniz? Hansı məqamlar sizin üçün yaddaqalan oldu? 
- Çempion və autsayder komandaların bəlli olmasına baxmayaraq, digər pillər uğrunda mübarizə davam edir. Çempionatda ən yadda qalan budur. Amma kədərli olan odur ki, "Qarabağ" yenə rəqabətsiz, sona 8 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Maraqsız oldu. İstəyərdim ki, son tura qədər 3-4 klub çempionluq uğrunda mübarizə aparardı. "Qəbələ"nin durumuna da üzülürəm. Sonuncu pillədədirlər. Sona az qalıb, amma artıq turnir cədvəlində axırıncı yeri tutacağı bilinir. Bu da maraqsız idi. Belə deyək də, birinci və 10-cu yer bəlli oldu, amma 2-9-cu yerlər uğrunda mübarizə gedir. Maraqlı olan budur. 

- "Qarabağ" çempionluğu qeyd etdi, ölkə kubokunun sahibi isə bəlli deyil. “Qarabağ” “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib. Yəqin ki, möcüzə baş verməz. Bəs sizcə, “Zirə”-“Qəbələ” cütündən hansı finala daha yaxındır? 
- Möcüzə olması mümkün deyil. "Qarabağ" istəsə, hələ 4 topu da evində "Neftçi"yə vuracaq. Amma istəsə.. İstəməsə də, ən azından heç-heçə bitə bilər. "Qarabağ" açıq-aşkar çempionatımızın və kubokun favoritidir. Hamıdan güclüdür. "Zirə"yə gəlincə, onların finala çıxması 80% öz əlindədir. Çünki "Qəbələ" bu il çox zəifdir, oyunları alınmır. Elmar Baxşıyevin vaxtında nəsə edə bilərdilərsə, onun gedişindən sonra ümumiyyətlə, o komandadan əsər-əlamət qalmayıb. Məncə, "Zirə" finala çıxacaq.

- Vaxtilə həm “Neftçi”, həm də “Qarabağ” formasını geyinmisiz. Sizcə, bu iki komanda arasında niyə rəqabət qalmayıb? 
- "Qarabağ"ın Qurban Qurbanov başda olmaqla yaxşı məşqçilər korpusu var, yaxşı komanda qurublar. Bu sevindirici haldır. Təəssüf ki, "Neftçi"də belə bir şey yoxdur. Demişəm və son nəfəsimə kimi deyəcəm ki, əcnəbi mütəxəssislərdən imtina etməliyik. Həm klublarımız, həm də millimiz. Onlar bizə heç vaxt nəticə qazandırmayıb, qazandırmayacaq da. Bizə özümüzünkülər lazımdır. Adrian Mutunun vaxtında da deyirdim ki, yerli məşqçi lazımdır. "Neftçi"yə də yerli mütəxəssis gərəkdir. Lalın dilini anası bilər.

- "Neftçi"nin bu mövsümkü çıxışını necə dəyərləndirirsən? Deyilənə görə, Rəşad Sadıqov baş məşqçi postuna təyin edilə bilər. Səncə, "Neftçi"ni iddialı vaxtlarına, əzəmətinə Rəşad Sadıqov qaytara bilər?
- "Neftçi"nin bu mövsümkü çıxışını çox pis dəyərləndirirəm. "Neftçi"nin baş məşqçi postuna niyə də Rəşad Sadıqov gəlməsin? "Zirə"də o büdcə ilə gördüyü işləri yaxşı nəticələr verə bilir. O, öz heyətilə "Neftçi"yə getməlidir, yaxşı dəyişikliklər olmalıdır. 

- İkinci yer və ələlxüsus da, avrokuboklar uğrunda qızğım mübarizə gedir. Səncə, “Qarabağ”dan savayı hansı daha üç komandamız avrokuboklara yollanacaq? 
- "Qarabağ" artıq 100 faizdir. "Neftçi" və "Zirə"nin 70 faiz, "Sabah", "Səbail" və "Sumqayıt"ın da avrokuboklara yollanmaq şansı 50 faizdir. 

- Kaxaber Tsxadadzeni baş məşqçi postuna gətirən “Qəbələ” hələ də sonuncu pillədən qurtula bilməyib və qurtulması da çox çətin görünür. Onların Birinci Liqaya yuvarlanması bu klubun fəaliyyətini dayandırması təhlükəsini yaşada bilər? Çünki belə təcrübələr az olmayıb... 
- "Qəbələ"nin indiki durumunu görəndə, adamın ürəyi ağrıyır. Bu cür klub, uşaq futbol akademiyası olan klublarda bu cür hallar baş verməməlidir. Baş məşqçiyə inanmaq lazımdır. Ən azından mövsümün sonuna qədər işləməlidir. Sona qədər olmayanda da, nəticə qeydə alınmır, ondan da pis olur. Az-az hallarda, mövsümün gedişində baş məşqçi dəyişikliyi xeyir verir. Məsələn, "Kəpəz"də Azər Məmmədov getdi, Adil Şükürov gəldi. Yaxşı olmasının 20 faiz şansı var idi, o da alındı. "Qəbələ" və "Araz-Naxçıvan"da baş məşqçi dəyişikliyi yaxşı alınmadı. Məşqçilərimizə 3-5 il şans verməlidirlər, onlar da işləməlidir.

- Vaxtilə Azərbaycan çempionatında bombardir olmusuz. Hazırkı bombardirlər siyahısına baxanda mənzərə necə görünür? 17 qolla Juninyo liderdir...
- Juninyo açıq-aşkar hamıdan güclüdür. Məncə, elə bombardir adını da o qazanacaq. Çox istəyərdim ki, bombardirlər siyahısında da yerli oyunçularımız olsun.

0