Qara Qarayev: “Ən ağır matçlardan biri idi”
17.08.2022 - 23:31
Qara Qarayev: “Ən ağır matçlardan biri idi”

“Səfərdə psixoloji cəhətdən daha rahat olacağıq. Azarkeşlərin bizdən çox şey gözləməsi bəlkə də bu bizə bir az mane olur”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.

Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” ilə Bakıdakı oyunundan (0:0) sonra jurnalistlərə açıqlama verən yarımmüdafiəçi matçı dəyərləndirib: “Amma səfərdə daha rahat oynaya bilirik. Ən böyük amillərdən biri odur ki, səfərdə rəqib də oynamağa çalışır və hücum etmək, qol vurmaq istəyir. Məncə, komandamızın işi daha da asanlaşacaq. Ümumilikdə stress və ya həyəcanın olacağını düşünmürəm. Bu, son illərdə oynadığımız ən ağır matçlardan biri idi. Amma buna baxmayaraq sonadək mübarizə apardıq. Lakin qol imkanlarından yararlana bilmədik. Bizim hesabı aça bilməməyimiz rəqibi daha sıx oynamağa məcbur etdi. Öz üzərimizə düşəni etdik. Komanda olaraq yaxşı mübarizə apardıq".

Qara Çexiyada qələbə üçün oynayacaqlarını bildirib: "Azarkeşlərin bizdən gözləntilərini bilirik. Səfərdə oynasaq da, yaxşı nəticə üçün meydana çıxırıq. Çexiyada qələbə üçün oynayacağıq. Revanş kimi şeyləri düşünmək lazım deyil. Bütün bunlar oyuna təsir edir. Əksər futbolçularımız "Viktoriya"ya qarşı oynamayıb. Bu səbəbdən revanş hissini onlara vermək çətin olur. Heç mən də qarşılaşmaya bu cür yanaşmırdım. Sadəcə, bizim üçün vacib görüşlərdən biri idi. 2016-ci ildə "Viktoriya" ilə dueldə səfər qoluna görə pley-offa çıxa bilməmişdik. Həmin vaxtda da çoxlu qol imkanları yaratmışdıq". 

Qeyd edək ki, cavab oyunu avqustun 23-də Plzendə keçiriləcək.

0