“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlandı
03.09.2022 - 11:29
“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlandı

Avropa Liqasının əsas mərhələsində yeni mövsümün startı ərəfəsində turnirin ümumi cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda 2009-cu ildən indiki adla təşkil olunan yarışın əsas mərhələsinin nəticələri əksini tapıb.

Azərbaycanın üç komandası Avropanın ikinci dərəcəli klub turnirində oynayıb. 7-ci dəfə yarışa qatılacaq “Qarabağ” ən yaxşı təmsilçimizdir.

Texniki nəticənin ümumiyyətlə nəzərə alınmadığı cədvəldə Qurban Qurbanovun yetirmələri 91-cidir. 6 mövsümdə 35 matça çıxan komanda 6 qələbə qazanıb, 8 heç-heçə edib və 21 dəfə məğlub olub. 28 qol vuran təmsilçimiz 59 top buraxıb. Qələbəyə görə iki xal prinsipinin əsas götürüldüyü cədvəldə ağdamlıların 20 xalı var.

3 xalı olan “Neftçi” 197-ci yerdədir. Yeganə mövsümündəki 6 oyunda 3 heç-heçə və 3 məğlubiyyəti olan bakılılar top fərində geridədir – 4:8.

2 mövsümdə 12 matç keçirən “Qəbələ” 2 xalla 20 pillə geri qalır. 2 heç-heçə və 10 məğlubiyyəti olan komanda 7 qol vurub, 26-nı buraxıb.

Qeyd edək ki, cədvələ “Vilyarreal” başçılıq edir – 118 xal. “Sevilya”nın 102, “Zalsburq”un 91 xalı var.

0