"Qarabağ"ın sabiq futbolçusu: “Qışdan sonra daha yaxşı "Neftçi" görə bilərik" - MÜSAHİBƏ
08.12.2022 - 11:33
"Qarabağ"ın sabiq futbolçusu: “Qışdan sonra daha yaxşı "Neftçi" görə bilərik" - MÜSAHİBƏ

"Qarabağ" və Azərbaycan millisinin sabiq futbolçusu Emin İmaməliyevin apasport.az saytına müsahibəsi 

- Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi başlayır. Daha çox "Zirə" - "Neftçi", "Qarabağ" - "Qəbələ" görüşləri maraqla gözlənilir. Hansı komandaları növbəti mərhələyə daha şanslı hesab edirsən? 
- Ölkə kuboku titul qazanmaq üçün ən qısa yoldur. Yəni az oyun oynayaraq kubokun sahibi ola bilərsən. Çempionatda isə mövsüm uzun olur, çox matça çıxırsan. Kubokda bir neçə oyunda mübarizə apararaq titul qazanmış olursan. Bu matçlarda hər bir komanda daha ehtiyatlı, daha diqqətli oynamağa çalışır. Fikrimcə, 1/4 finaldakı görüşlərin hamısı maraqlıdır. Ümid edirəm ki, layiq olan kuboku qazanacaq. 

- Kubokun favoritlərindən olan "Neftçi"nin qeyri-stabil çıxışı, çempionluq mübarizəsindən uzaq düşməsini nə ilə əlaqələndirirsən?
- "Neftçi"nin qeyri-stabil çıxışının nə ilə əlaqədar olması barədə bir söz deyə bilmərəm. Hər halda, məşqçilər korpusu oturub fikirləşməlidirlər. Hazırkı durumu aradan qaldıra bilərlər. Çünki "Neftçi" bizim flaqmandır. Bu komandanın hər zaman dəst-xətti olub. Düzdür, özündən üst pillələrdəki rəqiblərlə xal fərqində çox geridə qalırlar. Amma qış fasiləsindən sonra daha yaxşı "Neftçi" görə bilərik. Sadəcə gözləmək lazımdır və qışdan sonra necə olacağını görəcəyik.

- Sabiq komandanız "Qarabağ"ın bu mərhələdə "Qəbələ" önündə şansını necə dəyərləndirirsiz? 
- "Qarabağ" - "Qəbələ" matçları həmişə çox maraqlı olur. Səhv etmirəmsə, ötən mövsüm də eyni ssenari yaşandı. "Qəbələ" "Qarabağ"la kubok və çempionat daxil olmaqla, ardıcıl üç dəfə qarşılaşdılar. Bu dəfə də eyni hadisə təkrarlanır. "Qəbələ" öz oyunu ilə həmişə yaxşı təsir bağışlayır. Onlar heç bir rəqibdən çəkinmirlər, öz oyunlarını göstərməyə çalışırlar. "Qarabağ"a qarşı da yəqin ki, belə olacaq. Ümumilikdə isə bu mərhələdə yaxşı matçlar izləyəcəyik. 

- Ölkə çempionatında ikinci pillədə olan "Sabah"ın kubokda da iddialı olacağını gözləmək olar. Murad Musayevin rəhbərlik etdiyi kollektivin kuboku qazanmaq şanslarını necə dəyərləndirirsiniz?
- Bu mövsüm həm "Səbail", həm də "Sabah" komandalarının oyunlarına da baxmışam. Deyim ki, "Səbail" pis təsir bağışlayır, elə deyil. Ola bilər ki, uğursuzluq zolağındadırlar. Bəlkə də, 1-2 oyunda qalib gəldikdən sonra komandaya inam, qələbə ruhu gələr. Amma belə pis təsir bağışlamırlar, çalışırlar, meydanda nəyisə göstərmək istəyirlər. "Sabah" da bu mövsümdən öz iddiasını ortaya qoyub, sözünü deyir. Həm çempionatda, həm də ölkə kubokunda çox yaxşı çıxış edir. "Sabah"da yaxşı, mübariz komanda formalaşıb. Hər oyuna yüksək motivasiya ilə çıxırlar. Bu il yaxşı komplektləşmiş komanda olublar. Klublarımız nə qədər güclənsələr, nə qədər yaxşı oyunçuları transfer etsələr Premyer Liqamızın səviyyəsi də yüksələcək, daha maraqlı qarşılaşmalar görəcəyik.

- Daha iddialı heyətə malik olduğu üçün "Səbail"dən də uğurlu nəticələr gözlənilirdi. Mahmud Qurbanovun komandasının uğursuz çıxışını nə ilə əlaqələndirirsiniz?
- Ardıcıl bir-iki oyunda qələbə qazansalar komanda özünəinamı geri qaytarıb, daha yaxşı çıxış edə bilər. Yaxşı komandadırlar, yaxşı oynayırlar, çalışırlar. Sadəcə, bəzən alınmır. Amma daha uğurlu olacaqlarına inanıram. 

0