Qəzənfər Abbasov: "Hesabda öndə olmaq da təhlükəlidir"
27.08.2026 - 14:52
Qəzənfər Abbasov: "Hesabda öndə olmaq da təhlükəlidir"

“Qarabağ” ilk oyunda səfərdə 1:0 hesablı çox vacib qələbə qazanmaqla böyük üstünlük əldə edib".

Bu sözləri Apasport.az saytına açıqlamasında futbol mütəxəssisi Qəzənfər Abbasov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə cavab qarşılaşmasına çıxacaq “Qarabağ” haqqında danışarkən deyib.

O, Ağdam təmsilçisinin mərhələni keçmək şansını yüksək qiymətləndirib:

“Amma mən bu hesabı turun təmin olunması kimi qiymətləndirməzdim. Qarşıda hələ 90 dəqiqə var və “Tvente” Bakıya məhz nəticəni dəyişmək üçün gələcək. Məncə, “Qarabağ”ın mərhələni keçmək şansı kifayət qədər yüksəkdir. Əsas məsələ ilk oyundakı üstünlüyün yaratdığı psixoloji rahatlığa qapılmamaqdır. Qurban Qurbanovun da qeyd etdiyi kimi, hesabda öndə olmaq həm üstünlükdür, həm də müəyyən təhlükə yaradır”.

Abbasov Ağdam təmsilçisinin cavab görüşündə hansı taktiki üslubdan istifadə etməli olduğunu da açıqlayıb:

“Qarabağ”dan nə tam müdafiəyə çəkilən, nə də həddindən artıq risk edən oyun gözləyirəm. Ən doğru variant, məncə, kompakt müdafiə, orta blok və topu qazandıqdan sonra sürətli hücum keçidləridir. “Tvente” qol vurmaq məcburiyyətində olduğu üçün müəyyən mərhələlərdə daha çox irəli çıxacaq. Bu isə “Qarabağ”a hücum arxasında yaranacaq boşluqlardan istifadə etmək imkanı verəcək.

Ən vacib məqam ilk 15-20 dəqiqədə oyunun emosiyasına qapılmamaqdır. “Qarabağ” oyunu sakit idarə etməlidir”.

Mütəxəssis Niderland klubunun əsas təhlükələrindən də söz açıb:

“Tvente”nin əsas təhlükəsi, məncə, topa nəzarət və hücumda genişlik yaradaraq müdafiə xəttini hərəkət etdirməsidir. Xüsusilə cinahlardan və yarımmüdafiə ilə hücum xətti arasındakı bağlantılardan istifadə etmələrinə imkan vermək olmaz.

“Qarabağ” burada mərkəzdə say üstünlüyünü qorumağa, cinahlarda isə rəqibin ötürmə kanallarını bağlamağa çalışmalıdır. Digər vacib məsələ ikinci toplardır. Çünki “Tvente” hücumları davam etdirmək üçün cərimə meydançası ətrafında ikinci topları toplamağa çalışacaq.

“Qarabağ” ilk topu qazandıqdan sonra ikinci topu da özündə saxlamalıdır. Əks halda təzyiq dalğası yenidən başlayacaq”.

Abbasov doğma meydan amilinin də “Qarabağ” üçün üstünlük yaradacağını düşünür:

“Bu səviyyədə oyunlarda ev meydanı çox ciddi üstünlükdür. Xüsusilə “Qarabağ”ın artıq səfərdə 1:0 hesablı qələbə qazanması fonunda stadiondakı atmosfer komandanın psixoloji vəziyyətinə müsbət təsir edə bilər. Azarkeşlər bu gün 12-ci oyunçu olmalıdır. Şəxsən mən də bu gün oyuna gedəcəyəm və komandamıza dəstək olacağam”.

Qeyd edək ki, “Qarabağ” – “Tvente” matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.