Qovursan? - Qovmuram! - "Sumqayıt"da taxt oyunları
14.09.2024 - 22:59
Qovursan? - Qovmuram! - "Sumqayıt"da taxt oyunları

Rəhmətlik Kamal Sunalın "Kibar Feyzo" filmindəm bir replika: 

-Kovirmisən, ağam? 
-Kovmirəm, ulan, kovmirəm...

Açığı, "Sumqayıt" Futbol Klubunun bugünkü vəziyyətini düşünəndə avtomatik bu dialoq yadıma düşür, bığımın altından xısın-xısın gülürəm. Sual verən obrazda Samir Abasovdur, cavabı verən də Riad Rəfiyev.

"Sumqayıt" bu gün 6-cı oyununda 4-cü məğlubiyyətini aldı. Gəlin cümləni dəyişək. Prezidentinin Rəfiyev Riad olduğu "Sumqayıt" bu gün Misli Premyer Liqasında çıxdığı ardıcıl 3-cü oyunda da məğlub oldu. Yaxşı, gəlin bir az da dəyişək. Samir Abasovun yetirmələri Misli Premyer Liqasında oynadığı 6 matçdan sonra 6 xalla turnir cədvəlində hələ ki, 7-ci yerdə qərarlaşıb. 

Hazırda "Sumqayıt"da çox şirin, sevgili münasibətlərinin ilk aylarında baş verən küsülülük, "trip atmaqlar" kimi şeylər yaşanır, bişmiş toyuğun gülməyi gəlir. Baş məşqçi prezidentlə fikir mübadiləsi aparmır, prezident məşqçidən çəkinir, oyunçu bonusunu ala bilmir, məşqçinin 2 ay əvvəl bəyənib gətirdiyi oyunçu (oxu: Slavişa Radoviç) göndərilir... 

Klubun oboylarına qanqaraçılıq yaxılıb. Balacadan böyüyə klubda heç kim xoşbəxt deyil, heç bir futbolçunun, məşqçinin, rəhbər şəxsin üzü gülmür. Hamı bir-birinə aqressiya, kin, mənfi enerji ötürür. Abasovun da oyunçular üçün motivasiyası, "po bratski polajeniyası" işə yaramır. 

Adam istəyir, kimlərisə araya salsın, Samirli, Riadlı bir görüş təşkil eləsin ki, ay qardaş, oturun, danışın, daşı ətəyinizdən tökün, bir çarə qılın. Bu hara kimi gedəcək ki?! 

Samir getmir, Riad göndərə bilmir, hansı getsə təzminat. 

Abasov Konfrans Liqasının "Fehervar"la cavab matçından sonra yaxşı söhbət eləmişdi: "Arada yanan Sumqayıt şəhəri oldu". 

İndi sual yaranır, bu Sumqayıt şəhərini düşünən yoxdur? Riad Rəfiyevi bildik, şəhər adam üçün önəmli deyil, bəs Sumqayıt uşağı Samir?! Mən bilirəm axı, Abasov o şəhəri sevir, ora bağlıdır. Bəs niyə azarkeşi, şəhəri ikinci plana atırsınız, bəy? Bəylər?! 

Elə qayıdaq ilk abzasa. 
-Kovirmisən ağam? 
-Kovmirəm, ulan, kovmirəm...

0