Qurban Qurbanov: "10 milyon azərbaycanlı bizimlədir" - MÜSAHİBƏ
11.07.2022 - 17:31
Qurban Qurbanov: "10 milyon azərbaycanlı bizimlədir" - MÜSAHİBƏ

“Çox vacib oyun olacaq"

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə keçiriləcək cavab görüşü öncəsi mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Poznandakı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, yetirmələrinə güvəndiyini söyləyib: “Artıq ilk turdaca layiqli rəqib düşdü. Birinci görüşdə də onların gücünü hiss etdik. Hələ matçdan əvvəl də demişdim ki, yaxşı komandaya qarşı oynayırıq. Eyni sözləri təkrarlayıram. Uduzmağımıza baxmayaraq, inamımız çoxdur. Rəqibi daha yaxından tanımağa çalışdıq. Qərara gəldik ki, meydanda daha diqqətli olmalı, tez düşünməliyik. Rəqib istənilən dəqiqədə qol vurmağa qadirdir. Çox yaxşı müdafiə olunan, əks-hücuma keçən, topla yaxşı davranan komandaya qarşı oynayacağıq. İstənilən halda, futbolçularıma inanıram. Çalışacağıq ki, azarkeşlərimizi qələbə ilə sevindirək".

- Komandanı 90, yoxsa 120 dəqiqəlik mübarizəyə hazırlamısız?
- Hər şeyni nəzərə almışıq. Xüsusən də, indiki sistemdə buna daha çox hazırlaşırıq. Amma çox istərdim ki, 90 dəqiqədə hər şey bizim istədiyimiz kimi yekunlaşsın.

- Heyətdə hansısa dəyişiklik olacaq?
- Ola bilər.

- Komandanız döyüşə hazırdır?
- Yaxşı oyuna hazırıq. İnanıram ki, futbolçularım o hissləri yenidən meydanda göstərəcək, aktiv mübarizə aparacaqlar.

- Əvvəlki illərdə "Qarabağ"ın geridönüş etdiyini görmüşük. Bu barədə ictimaiyyətdə narahatlıq var. Bu, sizdə əlavə təzyiq yaradır?
- Dəfələrlə belə hallar olub. Bunu normal qarşılayırıq. İnanmıram ki, təzyiq yaratsın. Sadəcə bir az inamsızlıq yaranması mənə təsir edə bilər. Amma ümumən ilboyu gedən prosesdir. Kimsə tənqid edir, kimsə tərifləyir. Əsas odur ki, inamsızlıq olmasın. Futbolçular hiss eləməlidirlər ki, onlara güvənirlər. Belədə onlar daha istəkli və məsuliyyətli olurlar.

- II Vətən müharibəsində xalqımız bir oldu. Sabahkı oyunla bağlı da birlik üçün azarkeşlərə mesajınız var?
- Azarkeş futbolun ən vacib hissəsindən biridir. Azarkeş kütləsi futbolçulara əlalə motivasiya, inam, məsuliyyət verir. Çox istərdim ki, sabah stadion tam dolu olsun. Amma inanıram ki, 10 milyon azərbaycanlı bizimlədir, kimisi stadionda, kimisi evdə, kimisi işdə azarkeşlik edəcək. Bu dəstəyi hiss edəcəyik. Hər biri "Qarabağ"ın uğurlu nəticəsini istəyir.

- Heyətlə bağlı problem varmı?
- Qara Qarayevin durumu sual doğurur. Bu gün məşqdə onunla bağlı məsələ müəyyənləşəcək.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. İlk görüşdə polşalılar 1:0 hesablı qələbə qazanıb.

0