Qurban Qurbanov: “Bunlar elə elementlərdir ki, aradan qaldırmaq rahatdır”
14.09.2024 - 21:23
Qurban Qurbanov: “Bunlar elə elementlərdir ki, aradan qaldırmaq rahatdır”

Misli Premyer Liqasının VI turunun "Qarabağ" - "Səbail" matçından (2:1) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Tam heyətlə deyildik. Zədəlilərimiz var idi. Yassin Benzia gec gəlmişdi. Əsas komanda ilə məşq etməmişdilər. Buna baxmyaraq, çox əziyyət çəkdik. Çoxdandır ki, birlikdə hazırlaşmırdılar. Bu da hiss olunurdu. Xeyli qol epizodumuz var idi. İstifadə edə bilmədik. Bunlar elə elementlərdir ki, aradan qaldırmaq rahatdır. Çünki futbolçularımızın ustalıqları var. Qarşımızda da çox yaxşı kollektiv var idi, yaxşı müdafiə olunurdu. Öz səhvimizdən qol buraxdıq. Rəqib buna məcbur etdi. Futbolçularıma təşəkkür edirəm".

- Komanda üç cəbhədə olacaq. Fiziki cəhətdən çatdırmaq daha çətin olacaq?
- Ola bilər. Niyə? Çünki zədəli futbolçular olanda böyük problemlər yaranır. Rotasiyalar etməyə imkanımız olmur. Allah qoysa, hamı sağlam olar. Belə, ciddi problem görmürəm. Bu il ola bilər ki, daha çox güc sərf etməli olacağıq. Ölkə çempionatımızda da komandalar daha ciddi müqavimət göstərirlər, ciddi məqsəd qoyublar qarşılarına. Ümumi baxsaq, Avropa Liqasında oyun sayları eynidir. Yorğunluq olacaq. Milli komandada da oyunlarımız var. Limitlə bağlı yerli oyunçu ehtiyacımız çox olur.

- Milli komandanın iki oyunu haqda İK üzvü olaraq nə deyə bilərsiz? Fernandu Santuşun komandasın inkişaf gözlənilir?
- Fikir bildirməmişəm, səbəbini də bilirsiz. Hər bir həmkarımıza hörmətlə yanaşmalıyıq. Əsasən də, Fernandu Santuşa. Böyük təcrübəsi var, iş qabiliyyəti var. İki oyuna fikir bildirmək mənə çətin olardı. Nə qədər fikir bildirməsəm, daha yaxşı olar. Daha düzgün sayıram. Bu dəfə də fikir bildirməyəcəm. 

- Transferlər gözlənilir?
- Ola bilər ki, bitib. Vaxtımız da azdır. Danışıq apardığımız futbolçulardan pozitiv cavab almamışıq. Alınmamaq ehtimalı daha çoxdur.

- Redon Cicanın Avroliqanın oyunlarında olmaması nə ilə bağlıdır? Gedəcəyinə işarədir?
Yəqin ki, Avroliqada sistemdən xəbəriniz var. Legioner və əsas oyunçuların say məhdudiyyəti var. Ona əmək etməliyik. Siyahıya əlavə edə bilmərik artığını. Nəriman Axundzadə, Abbas Hüseynov, Musa Qurbanlı, Sadiq Məmmədzadəni siyahıdan çıxarsaq, əvəzinə oyunçu sala bilmərik. Bu o demək deyil ki, Cicaya inanmırıq. Cica ola bilər bu gün rəqabətdə Juninyoya uduzur. Amma ümumən baxanda, Cica mənə lazımdır. Bir-iki oyun oynamadısa, o demək deyil ki, ondan üz döndərmişəm, inanmıram. Ona çox üzüldüm. Hamı başa düşməldir. O da məni başa düşür. Nəriman və Musanı çıxarıb, onu sala bilmərəm. Çıxarsamda, boş qalacaq. Hücum xəttində dəyişiklik edə bilirəm. Ona görə Cicanı siyahıdan çıxardıq. Qalan yerlərdə hər zonada 2 oyunçumuz qalıb. Belə oldu. Başqa hansısa narazılığım, inamısızlıq yoxdur. Aktiv də məşq edir. İntizamlı oyunçudur. Ölkə çempionatında sıx qrafikimiz olacaq. Böyük ehtimalla şansı daha çox olacaq.

- Sərxan Hacıyev bildirib ki, AFFA-nın yeni strategiyasının yazılmasında Fernandu Santuşun da qeydləri və fikirləri nəzərə alınır. Azərbaycan futbolunda yeni strategiyanın yazılmasında sizin də fikirlər öyrənilməlidir. Ümumiyyətlə, sizin qeydləriniz və fikirləriniz olacaq?
- Cəm şəkildə müzakirələr gedir. Santuş İK-nin üzvü olmadığına görə bildiriblər bunu. Amma bizim müzakirələrimiz cəm halda gedib. Hərə öz fikrini bildirib. İnkişaf üçün yol göstərə bilir. Ümumən belə, strategiyanı yaxşılaşdırmaq üçün əlavə şirkətlər işə qarışıb. Onların fikirləri məncə daha önəmli olacaq. Çünki Avropanın bəzi futbol ölkələrində təcrübələrdə yoxlanılıb. Konseptləri verilib həmin ölkələrin federasiyalarına. Sadəcə ümumən baxış keçiriləcək. Hansısa çatışmazlıq olsa, nəyisə görsək, onda fikirlərimizi bildirə bilərik. Bir az fikir mübadiələsi apardıq. Əsas ideya həmin şirkətlərin üzərinə düşəcək. 

- Aleksey Kaşuk heyətə daxil edilməmişdi. Nə vaxt hazır olar?
- Bir az vaxt lazım olacaq. Düzdür, məşqlərdə çox aktiv iştirak edir. Amma uzun müddət oynamayıb, kollektiv məşqlərdən uzaq olub. Risk etmək istəmirik. Bir neçə oyun da belə gedəcək. Baxarıq. Məşqlərdən asılı olacaq.

0