Qurban Qurbanov: “Çexiyaya müdafiədə oturmağa getməyəcəyik”
17.08.2022 - 23:17
Qurban Qurbanov: “Çexiyaya müdafiədə oturmağa getməyəcəyik”

“Gərgin oyun oldu".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Çexiya klubu “Viktoriya” ilə qolsuz heç-heçə nəticələnən ilk oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis matçdan sonrakı mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Ola bilər ki, hər iki komandada həyəcan var idi. Amma bu da olmalı idi. Çünki hər iki tərəf rəqibi tam yaxından tanımırdı. Televiziyadan baxsaq da, komandanı canlı hiss etmək tam başqadır. İntizamlı komandaya qarşı oynadıq. Birə-bir oynamaqdan həzz alan futbolçuları var. 3-4 yüz faizlik qol epizodlarımız oldu. Çox səbirli olmağı öncədən tapşırmışdım, bunu da gördüm. Rəqib fiziki cəhətdən çox güclü komandadır. Həm əks-hücumlardan, həm də standart vəziyyətlərdən təhlükəlidir. Qalır duelin ikinci hissəsi. Cavab matçında buradakından daha çox güc sərf etməliyik. Futbolçularımdan razı qaldım. Neçə il idi bu turnirin pley-offunda oynamırdılar. Böyük təcrübə və inam qazandılar. Azarkeşlərimizə isə deyiləcək söz yoxdur, möhtəşəmdirlər".

- Həm milli, həm də klub səviyyəsində çexlərə heç vaxt qalib gələ bilməmişik. Rəqibin müqavimətini qırmaq üçün səfərdə fərqli taktika seçmək lazım gələcək?
- Futbolçularımdan və özümdən həmişə tələb edirəm ki, nəyi bacarırıqsa, onu yaxşılaşdıraq. Hər oyunda eyni heyət görə bilərsiniz. Amma elə detallar, hücumlar var ki, bəzi matçlarda az rast gəlinir. Hər rəqibə qaşı xüsusi 1-2 kombinasiyalı hücumlar olur. Bəzi taktiki “xodlar” edilir. Nəyi yaxşı bacarırıqsa, ondan mütləq istifadə edəcəyik. Nə çatışmazlıqlar var idi, bunları aradan qaldırmağa çalışacağıq.

- Klub prezidenti Tahir Gözəl bildirdi ki, qrupa düşmək şansınız 80 faizdir. Sizcə, şans nə qədərdir?
- Ora böyük inamla gedirik. Əgər şansımız varsa, bundan maksimum yararlanmağa çalışacağıq. Çexiyaya müdafiədə oturmağa getmirik. Maksimum hücum etməyə çalışacağıq. Rəqibin nə qədər imkan verməsindən də asılıdır. 9 nəfərdə birəbir oynadılar. Buna baxmayaraq, yaxşı qol epizodları əldə etdik. Qapıçıları da uğurlu çıxış etdi. Qarşıdakı günlərdə rəqibi daha yaxından tanıyacağıq.

- Bəzi mövqelər üzrə çatışmazlıqlar var idi. Bu, rəqibin sizi daha yaxşı analiz etməsindən qaynaqlanırdı?
- Hər rəqibin üstün cəhəti var. Biz hasısa epizodlarda məğlub olurduqsa, rəqib də başqa məqamda uduzurdu. Böyük təcrübəsi olan komandaya qarşı oynayırdıq. Çexiya futbolu intizamı ilə seçilir. Azərbaycanın “Qarabağ”ına çox ciddi yanaşırlar və futbolçularımızı fərdi tapşırırdılar. Bu, nadir hallarda olur. Bizə qarşı başqa oyun da qura bilərdilər. Amma ehtiyatlanırdılar. Buna da sevinirəm. Belə oyunlarda futbolçularımın böyüməsini görürəm. Özümüzü nə dərəcədə doğrultduqsa, cavab görüşündə daha çox böyümək və düşünmək lazım olacaq. Çatışmazlıqlar həmişə olur. Bunu futbolçularım başa düşür və növbəti görüşlərdə daha yaxşı olmağa çalışırlar.

- Rəqibi meydanda izləməyin fərqli olduğunu dediniz. Analiz etdiyiniz “Viktoriya” ilə bugünkü komanda arasında fərq çox idi?
- Xeyr, çox deyildi. Sadəcə, etdiklərini daha çox etdilər, daha çox dözdülər. Hissələrin sonlarına yaxın çatdırmadılar. Gözləyirdim ki, ikinci hissənin ortalarından sonra əvvəlki dəqiqələrdəki oyunu göstərməyəcəklər. Amma sona kimi dözdülər. Yenə də matçın sonlarında bir neçə qol epizodumuz oldu. Düşündüyümdən daha bərk komanda gördüm. Bu da cavab görüşü öncəsi bizə əlavə material verdi.

- Oyundan əvvəl bilet satışında problem yaşandı. Bunu necə dəyərləndirirsiniz?
- Mənim heç bir fikrim yoxdur. Çünki biletlərlə bağlı problem həmişə yaşanıb. 32 min azarkeşə və ondan əlavə olanlara daim nəzarət edə bilmərik. Problemin nədən yarandığını bilirəm. Bilet satışı məsələsi çox şişirdiləri problem deyil. Həm onlayn satılır, həm kassalarda olur. Çox istərdim ki, bütün azarkeşlərimiz stadionda olsun. Təəssüf ki, 32 mindən artıq adam bura yerləşdirmək mümkün deyil. Bilsinlər ki, “Qarabağ” klubu həmişə azarkeşləri sevindirməyə çalışıb. Əlavə texniki qüsurlar varsa, bu, bizdən asılı deyil.

- Hiss olunurdu ki, komandanız özündən əmindir. Amma futbolçular potensiallarını yüz faiz göstərə bilmədilər. Bunun səbəbi nə idi?
- Bəzən rəqib nə qədər imkan verirsə, ondan artığını edə bilmirik. Onların ilk məqsədi rəqibi oynamağa qoymamaq idi. “Vikoriya”nın 24 nömrəli oyunçusu sona kimi Abdullah Zubirlə oynadı. Onları top yox, rəqib oyunçu maraqlandırır. Amma ümumən daha güclü komandalara qarşı oynayırıq. Təcrübəli və fiziki cəhətdən üstün rəqib idi. “Viktoriya”ya qarşı 3-4 real şansımız oldusa, deməli, meydanda nəyisə düzgün etmişik. Bir futbolçu ilboyu tam sağlam ola, gözlədiyimiz oyunu oynaya bilməz. Rəqiblər və turnirlər fərqlidir. Xüsusən də, Çempionlar Liqasının pley-offu daha gərgin olur. Məşqçilər və daha ehtiyatlı olurlar. Biz zəif yox, rəqib ehtiyatlı oynadı.

- Musa Qurbanlının avrokubokda oynamaq zamanı nə vaxt gələcək?
- Mənim üçün ən ağır suallardan biridir. Tələsmək lazım deyil. Musa ilə komanda yoldaşı eyni səviyyədədirsə, digərinə üstünlük verəcəm. Yox, Musa üstün olacaqsa, onun qarşısını almayacağam. Hələ cavandır, qarşıda vaxtı olacaq. Onu tam hazır görəndə mütləq istifadə edəcəyik. Təəssüf ki, 13-15 oyunçunu eyni anda meydana buraxa bilmərəm. Hər futbolçunun öz zamanı var.

Ruslan Sadıqov

1