Qurban Qurbanov: "Dağın zirvəsini, qarın təmizliyini gördüm" - MÜSAHİBƏ
12.07.2022 - 22:01
Qurban Qurbanov: "Dağın zirvəsini, qarın təmizliyini gördüm" - MÜSAHİBƏ

“Öncə möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Hamı polşalı azarkeşlərdən danışırdı. Bizim azarkeşlərimiz “Lex”in azarkeşlərindən güclü olduqlarını göstərdilər. Onlar 5:1 hesablı qələbəyə layiq idilər".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə keçirilən oyun barədə danışarkən deyib.

Polşadakı məğlubiyyətin (0:1) əvəzini öz meydanında darmadağınla (5:1) çıxan Azərbaycan çempionu II təsnifat mərhələsində İsveçrə “Sürix”inə rəqib olub.

Oyunsonrası mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: "Möhtəşəm qalibiyyət oldu. Belə qələbələr ilboyu nadir hallarda olur. Bu gün hər şey alındı. Futbolçularım çox istəkli idilər, qələbəyə də layiq oynadılar. İlk saniyələrdə qol buraxsaq da, futbolçularım sınmadılar. Polşa çempionu çox sürətli komandadır, təhlükəli əks-hücumları var. Bu bir başlanğıcdır. Bəzən elə qələbələr olur ki, hamıda rahatlıq yaradır. Amma futbol elə səviyyəyə gəlib ki, hansısa rəqibə ciddi yanaşmasaq, bizi də məğlubiyyət gözləyər. 10 milyonluq dəstəkçimiz var, bu gün də şahidi olduq. Kiminin duası, kiminin evində dəstəyi bizimlə idi. Gecə yuxuda Aqil Abbası görmüşəm. Görürəm ki, dağın başına qar yağıb. O da məndən bir az yuxarıda idi. Mənə dedi ki, şəhərdə necə istidir, amma Qarabağa qar yağır. Buradan ona salamlarımı çatdırıram. Gecə yuxuda Şuşada idim. Qarşıda bizi daha ciddi sınaqlar gözləyir. Belə qalibiyyətlərdən doymalı deyilik".

- Həmkarınız hakim səhvlərini əsas gətirdi. Sizcə, hakim səhvinin nə dərəcədə rolu oldu?
- Hakimliklə bağlı danışılası nəsə yoxdur. Bizim komandaya qarşı haqsızlıqlar olanda da hakimlikdən danışmamışam. Daim oyunlarda belə hallar olur. Məğlub olduqda etiraz bildirilir. "Lex"ə uğurlar arzulayıram.

- Bu qələbə "Sürix"lə görüşə hazırlıq baxımından yetərli olacaq?
- İlk oyundan hiss olunur ki, Çempionlar Liqasının pley-offundayıq. İkinci rəqibimiz daha üstündür. Bugünkü atmosfer motivasiya baxımından yetərli olmaya bilər. Amma futbolçularım xeyli böyüyüblər, istənilən rəqibə qarşı motivasiya oluna bilirlər. Nadir hallarda problem olur. Elə rəqib olur ki, futbolçuları daha çox, bəzən isə nisbətən az motivasiya edirik. Bəzi rəqiblərin üstünə maksimum aqressiya ilə çıxmaq problem yaşada bilər.

- "Sürix"lə matça qədər heyəti gücləndirmək fikriniz var?
- Axtarışlarımız hələ gedir. Əmin olduqdan sonra transfer etmək istəyirik. O qədər başımıza iş gəlib ki, son anda alınmayıb. Yenə də bunda xeyir görmüşük. Deyək ki, mütləq gücləndirməliyik, belə fikrimiz yoxdur. Müəyyən çatışmazlıq ola bilər. Amma futbolçuların işgüzarlığı inam verir. Nə qədər çox usta oyunçu olsa, hazırlıq daha yaxşı səviyyədə olur.

- 5-ci qoldan sonra Elçin Rəhmanov sizə sarıldı və kövrəldi. Bu, səfərdəki məğlubiyyətdən sonra sosial şəbəkələrdəki təzyqin gərginliyi idi?
- Xeyr. Dünən də demişdim ki, hər bir yazıya hörmətlə yanaşırıq. Tənqiddən də, tərifdən də hiss edirəm ki, onlar komandanın arxasındadır. Belə yazılara normal baxıram. Elçin müəllimin kövrəlməsinə gəlincə, mən də kövrəlirəm. Futbolda belə halların yaşanmaması mümkün deyil. Ətraf ölkələrə baxsaq, bizdən hələ heç nə yazılmır.

- Bugünkü oyunun qəhrəmanlarından olan Kadi Borqesin yersiz sarı vərəqə alması barədə nə deyə bilərsiniz?
- Belə şeylərə çox həssas yanaşıram. Heç nədən sarı vərəqə almağı idmançıya yaraşdırmıram. Ona görə Kadiyə hirsləndim. Elə bilirdim ilk görüşdə də sarı vərəqə almışdı. İçəridə həm danladım, həm də bağışladım.

- Neçənci qoldan sonra qələbəyə şübhə eləmədiniz?
- Rəqibin meydanında pressinq etməyə hazırlaşmışdıq. Oyunu çox təhlil etmişdik, özlüyümdə 120 dəqiqəni də fikirləşmişdim. Düşüncəmdə əlavə 30 dəqiqədə bəzi dəyişikliklər var idi. Startda şanssız qol buraxdıq. Bəzən belə şeylərə sevinirəm. Futbolçularımın özlərini itirməməsi, yenidən oyuna qoşulması çox vacib amildir. Bu intizamı qorumaq çətindir. Yenə də eyni hücumları qurduq. 5-ci qoldan sonra mərhələ adlamağımıza şübhə eləmədim. Gördüm ki, onlar da bir az həvəsdən düşüblər.

- Təxminən 30 ildən sonra "Lex"i avrokuboklarda 5 qolla məğlub edən komanda oldunuz. İlk oyunla müqayisədə 2 əvəzləmə etdiniz. Leandro Andradenin bu gün meydana çıxmaması ondan narazı qalmağınızdan qaynaqlanırdı?
- Xeyr. Bəzən səfərdə 3-4 hücum haqda düşünürəm. Evdə həm azarkeş təzyiqi, həm təcrübə olur. Leandronun oradakı oyunundan razı qalmışdım. Onun üstünlüklərindən gələcəkdə çox istifadə edəcəyik. Bu gün futbol elə səviyyəyə gəlib ki, istənilən oyunda böyük hesab ola bilər. Əvvəllər bunu 2-3 komanda edirdisə, indi çox matçlarda belə olur. İndi futbol elmi daha da artıb. Məşqçilər, düşüncələr genişlənib. Bizim də 5-6 qol buraxdığımız oyunlar olub. Əlbəttə ki, sevinirik. Hər şey bir tərəfə azarkeşlər üçün sevinirik ki, gəlib həzz aldılar.

- Polşalılar sizdən qisas almaq barədə düşünürdülər. Çünki "Qarabağ" indiyə qədər Polşa klublarına yenilməyib. Bu sizə əlavə motivasiya verdimi?
- İnanın ki, xeyr. Əvvəldən iki oyuna hazırlaşırdıq. Kim bilir, bundan sonra hansı rəqiblərlə düşəcəyik, nəticə necə olacaq. İnanmıram ki, hansısa komanda belə fikirlə hazırlaşsın.

- Bayaq yuxunuzdan danışdınız. Yuxunu necə yozdunuz?
- Bilmirəm, sadəcə dağın zirvəsini, qarın təmizliyini gördüm. Çox vaxt oyundan əvvəl zəngləşib danışırdıq. Amma bu matçdan əvvəl zəng etməmişdi. Yaxşı yuxu idi.

- "Sürix"lə ilk görüşün Bakıda keçirilməsini özünüz üçün üstünlük saymaq olar?
- Ümumən futbolçuların daha çox istirahət etməsi üçün üstünlükdür. Həftəlik mübarizə olanda oyundan sonra futbolçuların bərpası önəmli olur.

- Qara Qarayevin durumu nə yerdədir?
- Konkret fikir bildirmək çətindir. Sabah ikinci dəfə müayinədən keçəcək. Tam ciddi yox, amma bir az problemi ola bilər. Sabah daha dəqiq məlumat vermək olacaq.

Ruslan Sadıqov

0