Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”
14.09.2022 - 12:39
Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”

“Danışmaq və fikir bildirmək üçün asan gün deyil. Şəhidlərimiz var”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin “Nant”la ev oyunu öncəsi mətbuat konfransına qatılıb. Qurbanov II turun sabah baş tutacaq matçı barədə fikirlərini açıqlayıb: “Sərhəddə döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət etsin. Allah onların ailələrinə səbir versin”.

Qurbanov sabahkı oyun öncəsi heyətdəki itkilərə də toxunub: "Maksim Medvedev, Rahil Məmmədov və Kevin Medina zədəlidir. Bədavi Hüseynovun ümumi durumu isə pis deyil. Matça hazır olmaq ehtimalı çoxdur. Dünən də komanda ilə məşq edib. Onun durumuna bu gün bir daha baxacağıq. Qərar vermək üçün tam əmin olmalıyıq".

50 yaşlı mütəxəssis “Qarabağ”ın Qarabağı təmsil etməsinin məsuliyyətini legionerlərə də aşıladıqlarını bildirib: "Biz həmişə futbolçularımıza hansı komandanı təmsil etdiyimizi xatırladırıq. Legionerlərə də bu barədə məlumat verilir. Artıq torpaqlarımız geri qayıdıb. Nə qədər torpaqlarımızın qayıtdığını desək də, ürək yarası həmişə qalacaq. Dünəndən şəhidlər barəsində oxuyuram. Onların arasında 2-3 yaşında övladı olanlar var. Çox ağırdır. İşimiz ağır olsa da, komandanı görüşə tam hazırlamalıyıq".

Qurbanov “Nant”ın statistikası barədə məlumatlı olduğunu da gizlətməyib: "Rəqibin bütün futbolçuları yaxşı səviyyəyə malikdir. Onların ötən mövsüm Fransa kubokunu qazanması təsadüf deyil. Mövsümün əvvəlində hansısa çatışmazlıqları ola bilər. Rəqibin yaxşı müdafiə və hücum xətti var. Bu, özünü sığortalamaq deyil. Bütün komandalarda hansısa zəif nöqtələr olur”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nant” qarşılaşması saat 20:45-də başlayacaq.
 

0