Qurban Qurbanov: “Demişəm ki, elə edək ki, əks zərbə almayaq"
07.09.2022 - 21:43
Qurban Qurbanov: “Demişəm ki, elə edək ki, əks zərbə almayaq"

“Rəqibin 400-dən çox oyunda bu komandanın sükanı arxasında olan baş məşqçisi var. Uzun illərdir bu komandadadır”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin I turunun “Frayburq”la Almaniyadakı oyunu ərəfəsində mətbuat konfransında iştirak edib. Qurbanov sabah baş tutacaq matç barədə fikirlərini açıqlayıb: “Çox maraqlı komandadır. Çox ciddi rəqibə qarşı oynayırıq. İlk oyunumuzdur. Yaxşı səviyyədə keçirmək istəyirik. Mübarizə aparmaq, istədiklərimizin müəyyən hissəsini həyata keçirməyə çalışacağıq. Futbolçulara inanıram. Azarkeşləri yaxşı oyun gözləyir”.

Qurbanov özü kimi uzun müddət eyni klubda çalışan həmkarı Kristian Ştrayx ilə duel barədə danışıb: “Deməzdim ki, hər hansı sürpriz var. Nəyisə etmək istəyiriksə, bunu bizə qarşı da edə bilərlər. Futbolçulara da bunu demişəm ki, elə edək ki, əks zərbə almayaq. Ştrayx zəngin təcrübəyə malikdir. Həm şəhərdə, həm komandada sevilir. Oyunçular tərəfindən də belədir. Ona inanırlar. Etimadı doğruldur, öz işini görür. Rəqiblə belə bir fərqimiz var ki, onlar illər boyu bu səviyyədə oynayıblar, böyük oyunlarda soyuqqanlıdırlar. Bizdə bəzən belə oyunlara gələndə istər-istəməz həyəcan olur. Buna normal yanaşmışam. Bəzən bizə qarşı olan hücumları və fikirləri dəf etməyə hazır olmalıyıq. Bəzən alınır, bəzən alınmır. İllər boyu bu komandada olan məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün həm maraqlıdır, həm rahatdır. Həm də həvəsliyəm. Meydanda aktiv, dinamik olmağa çalışacağıq. Çempionatdan çempionata fərq var. Hər liqanın öz üstünlüyü var. Almaniyanın özəlliyi sadə və tez oynamalarıdır”.

Qeyd edək ki, “Frayburq” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

0