Qurban Qurbanov İspaniyanın DÇ-dəki uğursuzluğundan DANIŞDI
08.12.2022 - 23:03
Qurban Qurbanov İspaniyanın DÇ-dəki uğursuzluğundan DANIŞDI

"İspaniya millisinin dünya çempionatındakı (DÇ) uğursuzluğu mənim üçün gözlənilməz olmadı. Çünki futbol sürprizlərlə doludur".

Apasport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı məşqçi bildirib ki, İspaniyanın "tiki-taka" oynaya bilməməsinə səbəb heyətdə gənclərin çoxluğudur: "Bəzən hər hansı fəlsəfəni seçəndə, oyunu məğlub olanda, bu o demək deyil ki, düzgün deyil. Son vaxtlar İspaniya futbolu deyəndə, ağla ötürmə gəlir. Hər fəlsəfənin istədiyi oyunu həyata keçirə bilməsi üçün bacarıqlı oyunçular olmalıdır. İspaniya millisində bir neçə futbolçunu çıxmaq şərtilə digərləri gəncdirlər. Onlar həmin futbolla dünya və Avropa çempionu olub. Sadəcə, futbolçuların adları fərqli idi".

Qurban Qurbanov ötürmə ilə futboldan daha çox zövq aldığını bildirib: "Əgər bir komanda ötürmə ilə oynaya bilmirsə, heç bir fəlsəfəni yerinə yetirə bilməz. Hər bir futbolçu ötürmə ilə oynamağı bacarmalıdır. Ötürmə oyunu dedikdə, bu ancaq elə ötürmə vermək deyil. Bizim son vaxtlar sürətli hücumlarımız olub. Az ötürmədən istifadə edərək qollar vurmuşuq. Futbolun dili ötürmədir. İstədiyin həmin futbolu 3 ilə də təkmilləşdirə bilərsən. Daha sonra əlində futbolçular yaxşı olandan sonra tam istədiyin futbolu oynamağa başlayacaqsan. Təkmilləşdirmək lazımdır. İspaniya çempionatına baxsaq, klublar tam fərqli oyunlar oynayır, fərqli sistemlər var. Məncə, bir uğursuzluğa görə bütün sistemi dəyişmək düzgün olmazdı.

Hər halda, bu məsələni İspaniya futbolunun başbilənləri daha yaxşı bilərlər. Amma məncə, ötürməsiz futbol heç futbol deyil. İnsan var, təkcə qoldan həzz alır. Azarkeş var, yaxşı ötürmələrdən həzz alır. Bəlkə bizə aid olan məsələ deyil. Bütün dünya son 15 ildə İspaniya üslubunda futbol oynayır. Çox məşqçilər orada təkmilləşib. İnkişaf edən ölkələr çox şeyi ispan futbolunun sistemindən götürüblər. İspaniyanın Mərakeşlə matçının 121-ci dəqiqəsində vurduğu zərbə qol olsaydı, tam fərqli fikirlər olardı. Son vaxtlar futbolda sürprizlər çox olur. Məncə, əksinə, həmin futbolu daha da yaxşılaşdıracaqlar. Heyətdə gəncləri çoxdur. Onlar illər keçdikcə daha da rahat oynayacaqlar".

Qeyd edək ki, İspaniya dünya çempionatının 1/8 finalında penaltilər seriyasında gözlənilmədən Mərakeşə uduzub.

0