Qurban Qurbanov: "Məğlub olduğumuz üçün sistemi dəyişmək fikrimiz yoxdur" - MÜSAHİBƏ
06.07.2022 - 00:13
Qurban Qurbanov: "Məğlub olduğumuz üçün sistemi dəyişmək fikrimiz yoxdur" - MÜSAHİBƏ

“Rəqib bu gün məni təəccübləndirmədi. Sadəcə, onlardan daha çox hücum futbolu gözləyirdim”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə keçirilən səfər oyunu barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis Poznan stadionunda komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından yetirmələrindən razılıq bildirib: “Qarabağ”da hər şey qaydasındadır, heç bir problem yoxdur. Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular hazırda bizimlədir. Müəyyən çatışmazlıqlarımız ola bilər. Amma bugünkü oyundan razı qaldım. Səfərdə oynamağımıza baxmayaraq, daha çox pressinq etdik, rəqibə imkan vermədik. Bu səviyyədə oyunlara çox az çıxırıq. Polşa çempionatının səviyyəsi hamıya məlumdur. Cavab görüşündə çox dəyişiklik etmək fikrimiz yoxdur. Əksinə, meydanda etdiklərimizi daha da təkmilləşdirmək istəyirik. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Hələ bir həftə vaxtımız var. Bu, rəqibi daha yaxından tanımağımıza da kömək olacaq”.

- “Qarabağ”ın məğlubiyyətinin səbəbi Avstriyada təlim-məşq toplanışının ağır keçməsi ola bilər?
- “Lex” bu gün heç də bizdən üstün oynamadı. Amma məğlubiyyətə səbəb Avstriyadakı yükləmə və ya düzgün olmayan məşq prosesi deyil. Sanki səhvlər axtarırıq. Komandamın bugünkü çıxışından razı qaldım. Polşada “Lex”in üzərinə getdiksə, hücum futbolu oynadıqsa, futbolçularımdan razı qalmalıyam. Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil. Çatışmazlıqları, səhvləri aradan qaldırmağa çalışacağıq. Komandanı istədiyimiz səviyyəyə gətirməyə çalışırıq. Məğlub olduğumuz üçün hazırlığı və ya sistemi dəyişmək fikrimiz yoxdur.

- “Qarabağ” buna qədər heç vaxt Polşa klublarına uduzmamışdı, “Lex” isə Azərbaycan təmsilçilərinə hələ məğlub olmayıb. Sizcə, cavab görüşündə qələbə şansınız nə qədərdir?
- Hələ matçdan əvvəl demişdim ki, bu cütlüyün favoriti yoxdur. Yenə də fikrimdə qalıram. Bu gün məğlub ola bilərik. Amma şansları yenə də yarı-yarıya görürəm.

- Toral Bayramov və Abbas Hüseynov ötən mövsümün sonlarından etibarən əsas heyətdəki yerlərini itiriblər. Bunun səbəbi formadan düşməkləri, yoxsa intizamsızlıqlarıdır?
- Düzgün qeyd elədiniz ki, yerlərini itirdilər. Digərləri hazırda onlardan daha yaxşı durumdadır. Amma hər ikisinə güvənirik, əsas oyunçularımızdır. Qarşıdakı görüşlərdə də istənilən dəyişiklik ola bilər. Hər bir futbolçu verilən şansdan maksimum istifadə etməlidir.

- “Lex”dən belə oyun gözləyirdiniz?
- Burada bəzi nüanslar var. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Bunu nəzərə almışdıq, sürpriz deyildi. Biz yenə öz oyunumuzu göstərməyə və daha da yaxşılaşdırmağa çalışırıq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

1