Qurban Qurbanov: “Özlərində güc tapdılar və mübarizə apara bildilər”
13.11.2022 - 19:04
Qurban Qurbanov: “Özlərində güc tapdılar və mübarizə apara bildilər”

“Hər iki komandanın futbolçularını təbrik edirəm. Çox dinamik, baxımlı oyun oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Misli Premyer Liqasının XIV turunun “Sabah”la oyunu barədə fikirlərini qarşılaşmadan sonra “CBC Sport”a açıqlayıb: “Demək olar ki, qoldan başqa futbola aid hər şey gördük. Məncə bu gün hər iki komanda qalib gələ bilərdi. Hər iki komandanın qol şansları oldu. Amma öz futbolçularıma gəldikdə, iyun ayından indiyədək çox gərgin qrafikdə idik. Bir az narahatçılığım var idi ki, gücləri tükənib. Bu gün oyunun gedişində 10-15 dəqiqə elə epizodlar oldu ki, sanki gücləri tükənib. Amma sonra yenə özlərində güc tapdılar və sonadək mübarizə apara bildilər. Bu, mənim üçün çox vacib idi. Texniki səhvlər oldu. Bu da daha çox yorğunçuluqdan irəli gələn şeylərdir. Amma hər bir halda hər iki komandanı təbrik edirəm. Həqiqətən “Sabah” da bu il demək olar bütün oyunlarda çox yaxşı perfornans göstərib. Onlara da, öz futbolçularıma da uğurlar arzulayıram. Əfsuslar olsun ki, milli komandanın futbolçuları istirahət edə bilməyəcək. Digərlərinə bir neçə gün istirahət veriləcək ki, bir az özlərinə gəlsinlər, sonradan öz əvvəlki performanslarını qaytarsınlar”.

Qurbanov rəqibin ilk yarıda daha yaxşı təsir bağışlamasına da münasibət bildirib: “Əfsuslar olsun ki, futbolda məşqçinin futbolçularına rəqibə sərbəstlik verməsi kimi bir şey yoxdur. Sadəcə rəqibin çox sürətli hücumçuları və hücumları var. Ən tez zamanda hücumu başa çatdırmaq düşüncələri var. Buna görə bəzi uzun toplardan yararlanırdılar. Bu normal haldır. Amma müdafiəçilər diqqətli oldular. Sadəcə 1, ya 2 epizodda rəqib daha sürətli hücumlar etdi. Ona görə bəzi futbolçularımız oyunçularını boş buraxdı. “Sabah”ın vaxtı çox idi, daha yaxşı hazırlaşmışdı. Onların 8 gün vaxtı var idi. Çox keyfiyyətli futbolçuları var. Bu oyunu, hücumları daim onlardan gözləmək lazım idi”.

Qurbanov startdakı 13 oyunluq qələbə seriyasının qırılmasına da toxunub: “Üzüləcək bir şey yoxdur. Əlbəttə ki, seriya nə vaxt isə qırılmalıdır. Mənim üçün vacib idi ki, futbolçularım yorğun ola-ola bu gücü tapsınlar, öz oyunumuzdan əl çəkməyək. Hər bir halda rəqibin oyununu, düşüncələrini qeyd etməliyik ki, bizə xeyli sayda çətinlik yarada bildilər”.

Qeyd edək ki, “Bank Respublika Arena”da təşkil olunan görüş 0:0 hesabı ilə başa çatıb.

0