Qurban Qurbanov: “Ramil Şeydayev məni aldatdı və dedi ki, Musa vursun” - MÜSAHİBƏ
06.11.2022 - 21:40
Qurban Qurbanov: “Ramil Şeydayev məni aldatdı və dedi ki, Musa vursun” - MÜSAHİBƏ

“Vacib qələbə qazandıq. Oyun gərgin keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XIII turunda “Kəpəz” üzərində 3:1 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Futbolçularda yorğunluq hiss olunurdu. Sona kimi ayaq üstə dayana bildilər, qələbə üçün çalışdılar. Şükürlər olsun, hər şey bizim tərəfimizdə oldu. Tərlan Əhmədov maraqlı komanda formalaşdırıb. Öz oyun üslubu var, çəkinmirlər. Onlara uğurlar arzulayır, öz futbolçularımı təbrik edirəm”.

- Tərlan Əhmədov hakimləri günahlandırdı. Sizin münasibətiniz necədir?
- Heç avrokubok oyunlarından sonra çox münasibət bildirmirəm. Qaldı ki öz hakimlərimizdən danışım. Mənə aid olan məsələ deyil. Hakimlər barədə nadirən fikir bildirmişəm, çox etiraz etməmişəm.

- Musa Qurbanlı topu götürüb penalti nöqtəsinə qoyanda nə düşündüz?
- Düşünəcək bir şey olmadı. Bombardirlik yarışında heç vaxt intizamdan kənara çıxmamışam. Dəfələrlə olub ki, kimsə penalti vurmaq istəyib, amma əsas penaltiçi vurub. Ramil Şeydayev məni aldatdı, oturduğu yerdən dedi ki, Musa vursun. Bir az nizam-intizamdan kənara çıxdıq. Vuranda da çox şey fikirləşmədim. Birinci və axırıncı oldu. Nizam-intizamdan kənara çıxmaq olmaz.

- Nəriman Axundzadə artıq iki matçda meydana çıxıb. Onun çıxışını necə dəyərləndirirsiz?
- Yaxşıdır. Bəzən yaş, bəzən isə təcrübə olaraq gənc olursan. Hələ təcrübə olaraq çox cavandır. Mövsümün əvvəlində götürmüşük. Bəzi gənc oyunçularımız daha əvvəldən burada idi, onlar üçün daha rahat olub. İmkan olduqca Nərimana şans verəcəyik. Yaxşı olsa, çəkinmədən meydana buraxacağıq. Yaşına yox, təcrübəsinə önəm verirəm.

- Rotasiyalarla oyunçulara istirahət etmək imkanı yaradırsız. Bəs özünüz dincələ bilirsiz?
- Mən həmişə sizinləyəm, sizin qarşınızdayam. İstirahətə vaxt olmur. Eybi yox, əsas futbolçular istirahət etsin, biz birtəhər yoluna qoyarıq. Yorğunluq, gərginlik olur. Məşqçi yorğunluğu tam başqadır. Düşüncələr də çox olur. Yazılar, müsahibələr oxuyuram, diskussiyalar olur. Mənim üçün xoşdur. Təki belə yorğunluq olsun və yaxşılığa doğru getsin. Azarkeş razı qalanda, komanda yaxşı oynayanda mənim istirahətim bu olur.

- Ağır periodda “Sabah”la matçınız da olacaq...
- Çox istərdim ki, hər iki komanda ən yaxşı formasında olsun və baxımlı, sürətli oyun alınsın. Komandada yorğunluq hiss olunur. Ən gərgin və vacib perioddayıq. Oyunlar nə qədər yorursa, səfərlər daha ağırdır. Tovuz səfəri də asan deyil. Dözməliyik. Futbolçular bunu qəbul etməlidir. İstəklərimizdən əl çəkməyəcəyik. Narahatlığım var. Düzgün qərar verməyə çalışacağıq.

- Dediniz ki, yazılar, müsahibələr oxuyursuz. Özünüz şəxsən mətbuatı izləyirsiz, yoxsa mətbuat katibi Gündüz Abbaszadə sizi məlumatlandırır?
- Gündüz məndən çox işləyir. Ancaq özüm də baxıram. Hörmət əlaməti olaraq izləməliyəm. Əgər sizin işinizdisə, diqqət ayırmalıyıq. Sabah kimsə soruşanda ki, belə yazı olmuşdu, mən də ondan soruşmayım. Gündüz də məlumat verir, amma mən də maraqılanıram. Heç nə gözümdən qaça bilməz. Hər birinizi izləyirəm.

0