Rahid Əmirquliyev: “Bütün Azərbaycanın gözü "Qarabağ"dadır“ - MÜSAHİBƏ
23.06.2024 - 21:28
Rahid Əmirquliyev: “Bütün Azərbaycanın gözü "Qarabağ"dadır“ - MÜSAHİBƏ

"Bütün Azərbaycanın gözü "Qarabağ"dadır, hamı onların Çempionlar Liqasının qrup mərhələsinə düşməsini gözləyir"

“Qarabağ”ın sabiq futbolçusu Rahid Əmirquliyev Apasport.az saytına müsahibə verib.

-"Qarabağ" Çempionlar Liqasında iştirakına ikinci mərhələdən başlayacaq. Səncə, birinci mərhələdən başlamaq yaxşı idi, yoxsa ikinci mərhələ daha yaxşıdır?

-Məncə, birinci mərhələdən başlamaqdansa, ikinci mərhələdən başlamaq daha yaxşıdır. Çünki birinci mərhələdə rəqiblər oynayacaq, "Qarabağ" potensial rəqiblərinin oyunlarını görəcək, onları analiz edəcək. Özlərinin də hazırlaşmaq üçün xeyli vaxt olacaq. Ona görə düşünürəm ki, ikinci mərhələdən başlamaq daha yaxşıdır.

-Potensial rəqiblərdən biri Cəbəllitariqin "Linkoln", digəri Maltanın "Hamrun Spartans" klubudur. Hansı “Qarabağ” üçün çətin rəqibdir?

Əlbəttə ki, bu komandalar o səviyyədə deyillər. Amma belə oyunlar çətin keçir. "Qarabağ" üçün rahat olmayacaq, bu dəqiqdir. Birinci, ikinci təsnifat mərhələsinin oyunlarını ağır keçir. Çünki komanda tam hazır olmur. Yavaş-yavaş relsə düşməyə başlayır, get-gedə öz oyunun tapır. Rəqiblər zəif olsa da, "Qarabağ" ciddi hazırlaşmalıdır. Çətin olacaq. "Qarabağ" daim oyundan-oyuna artırır. İkinci və üçüncü təsnifat mərhələsindəki rəqiblərdən asılı olmayaraq, oyunlar bir az çətin keçir. Amma "Qarabağ" təcrübəlidir. Allah qoysa, bu mərhələni də keçəcək.

-"Qarabağ"ın 2024/2025 mövsümündə Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanacağına inamın var?

“Qarabağ" ötən mövsüm Avropa Liqasında çox yaxşı çıxış etdi. Bizi həmişəki kimi sevindirdi. Bütün Azərbaycanın gözü "Qarabağ"dadır, hamı gözləyir ki, onlar Çempionlar Liqasının qrup mərhələsinə düşsün. Çox çətin olacaq. Püşkatmadan da çox şey asılıdır. Ki, hansı rəqib düşəcək, hansı rəqiblə oynayacaqlar. Hər halda, çətin olacaq. "Qarabağ" da güclüdür, bunu ötən mövsüm də sübut edib. Biz də inanırıq ki, "Qarabağ"ı bu mövsüm Çempionlar Liqasının qruplarında görəcəyik. Amma çox çətin olacaq. Qurban Qurbanov hamıdan yaxşı bilir ki, hansı mövqeləri gücləndirmək lazımdır. Oyunlar başlayana kimi, komplektləşmiş heyəti ilə tam hazır olacaqlar. İnanırıq ki, "Qarabağ"ı ÇL-in qrupunda görəcəyik. 

-Bəs, Musa Qurbanlının geri qayıtması, Kadi Borges və Mahir Emrelinin də mümkün geridönüşünü necə dəyərləndirisən?

-Musa cavandır, perspektivlidir. Düzdür, onu deyə bilmərəm ki, əsas heyətə düşə biləcək ya, yox. Juninyo qalsa, Mahir gəlsə, rəqabət güclü olacaq. Mahir və Kadi yüksək səviyyəli futbolçulardır. Aleksey Kaşukdan da yazmışdılar ki, "Qarabağ"a keçir. Onlardan hansı gəlsə...."Qarabağ"ın heyətinə də baxsaq, rəqabət böyük olacaq. Adını çəkdiklərimiz elə futbolçulardır ki, istənilən komandanı gücləndirə bilərlər.

-Maraqlısı orasındadır ki, "Qarabağ"da geri qayıdan futbolçular çox vaxtı özünü doğrulda bilməyib. Reynaldo, Muarrem Muarrem, İnnosent Emeqaranın timsalında bunu görmək mümkündür...Səncə, niyə belədir? Belə olan halda, səncə "Qarabağ"ın sabiq futbolçularını qaytarması onlara kömək olacaq?

-Hər bir futbolçu hər komandada eyni performansı göstərə bilmir. Elə futbolçu var ki, bir komandada yaxşı performans göstərir, keçir digərinə orada eyni oyunu göstərə bilmir. Qeyd etdiyiniz futbolçulara gəldikdə, bəlkə də qayıtdıqdan sonra nəsə düz getməyib. Amma o demək deyil ki, Musa, Kadi, Mahirdə də belə olacaq. Bütün futbolçular eyni deyil. Bəlkə elə oldu ki, Musa, Kadi, Mahir əvvəlkindən də yaxşı performans göstərdilər. Öncədən nəsə demək düzgün deyil. Bu oyunçuların hamısı istənilən komandanı gücləndirə bilər.

-Bildiyim qədərilə, oğlun "Qarabağ"ın U-13 komandasında oynayır və bu mövsüm çempion oldular. Oğlunuzu gələcəkdə "Qarabağ"da görmək istəyərdiz, yoxsa uzun illər kapitanlıq sarğısını daşıdığı "Xəzər Lənkəran"da?

-Oğlum 5-6 ildir ki, "Qarabağ"ın akademiyasındadır. İki il əvvəl də çempion olmuşdular, bu il də çempion oldular. Əlbəttə, mən də istəyərdim ki, öz oğlumu yaxşı futbolçu olsun, yaxşı karyerası olsun, yaxşı klublarda, milli komandamızda çıxış etsin. Bu haqda nəsə demək tezdir. Bilmək olmaz futbolçu olacaq, ya olmayacaq. Amma əlbəttə istəyərdim ki, güclü futbolçu olsun. "Qarabağ"da, yoxsa "Xəzər Lənkəran"da oynamaq məsələsinə gəlincə, bu sonranın işidir, gələcək hər şeyi göstərər. Mən istəyərdim ki, Azərbaycanda "Qarabağ" kimi komandalar çox olsun, "Xəzər Lənkəran" geri qayıtsın. Güclü komandalarımız nə qədər çox olsa, futbolçu da çoxalacaq, seçim də çoxalacaq. Oğlum futbolçu olarsa, ən azından xaricdə oynamasını istəyərdim. Özüm o vaxtı bunu edə bilmədim. düzdür, öz səhvlərim də oldu, qismət belə alındı. Özüm oynaya bilmədim, istəyərdim ki, oğlum xaricdə hansısa klubda oynasın. Alınsa yaxşı olar, alınmasa da, indidən nəsə demək düzgün deyil.

0