Rahid Əmirquliyev: “Məncə, Fernandu Santuş da nəticə verə bilməyəcək”
13.09.2024 - 18:24
Rahid Əmirquliyev: “Məncə, Fernandu Santuş da nəticə verə bilməyəcək”

Azərbaycan milli komandasının və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyev apasport.az saytına müsahibə verib.

- Azərbaycan yığması Millətlər Liqasında İsveç və Slovakiyaya qarşı oynadı. Bu iki oyun səndə hansı təəssüratları yaratdı? Komanda gələcəyə ümid verdi?
- Hər ikisində də təəssüf ki, uduzduq. İsveçlə oyunu stadiondan canlı izlədim. Millimiz həmin matçda pis oynamadı. Oyunun gedişatında rəqib üstün olsa da, bizim də qol imkanlarımız var idi. Yaxşı imkanlar oldu. Fərqlənmək üçün çox epizodlar var idi. Təəssüf ki, istifadə edə bilmədik. Qol imkanlarımız İsveçdən heç də az olmadı. Rəqib üstün idi, pis oynamadıq. Slovakiya ilə görüşdə təəssüf ki, uduzduq. 

- Səncə, Fernandu Santuşa güvənməklə AFFA düz etdi, yoxsa necə?
- Məncə, AFFA yerli mütəxəssis təyin etsəydi, daha yaxşı idi. Yaxşı olardı deyəndə, bundan pis olmayacaqdı. İndi belə qərar veriblər, Fernandu Santuşu gətiriblər. Məncə, o da nəticə verə bilməyəcək. İnanmıram. Ondansa, yerli mütəxəssislərdən birini təyin edib, bir az vaxt versələr, inanın bundan pis olmayacaqdı. Əksinə, yaxşı olacaqdı. Bu mənim fikrimdir, təki yanılım, Fernandu Santuş nəticə göstərsin. 

- İsveçlə görüşdən sonra görünən budur ki, Santuş Emin Mahmudov və Ramil Şeydayevə qarşı sərt qərarlar verib. Sanki o, özü üçün ulduz və vazkeçilməz futbolçu olmadığını göstərir?
- Əlbəttə ki, bu normal haldır. Baş məşqçi futbolçulara qarşı sərt qərarlar verə bilər. İntizama riayət etməyən futbolçulara öz iradlarını bildirə bilər. Futbolda normal haldır. Futbol fərdi oyun deyil. Bu komanda oyunu olmalıdır. Ona görə də seçilən futbolçu olmamalıdır. Kimisə fərqləndirmək olmaz. Düzdür, hər millinin, hər komandanın öz aparıcı oyunçuları var. Amma intizama gəldikdə, bu bütün futbolçulara aiddir, hamıya qarşı eyni səviyyədə olmalıdır. Fernandu Santuş nə qərar verib, bilmirəm. Amma intizama riayət etməyən futbolçuları cəzalandırırsa, düzgün qərardır.

- Hər zaman maraqlı olan odur ki, milli və klubda baş məşqçi və atmosferin fərqli olması aydındır. Sadəcə, Avropada uğurlu nəticələr qazanan "Qarabağ"ın 6-7 futbolçusu millidə də eyni anda meydanda olur, amma ona yaxın nəticələr belə olmur. Niyə belədir?
- Bu çox maraqlı sualdır. "Qarabağ"ın 6-7 futbolçusu eyni vaxtda meydanda olur, amma "Qarabağ"ın verdiyi nəticəni göstərə bilmir. "Qarabağ"da yerlilərdən başqa, hücum xəttində legionerlər var. Hansı ki, səviyyələri yüksəkdir. Bu da "Qarabağ"ın üstünlüyüdür, fərdi ustalıqları yüksək olan legionerləri çoxdur. Milli ilə "Qarabağ"ın oyun stili fərqlidir. Fernandu Santuşun stili başqadı, Qurban Qurbanovun stili başqa. "Qarabağ"ın ən üstün cəhəti hücum mövqeyində oynaya bilən legionerlərdir. 
 
- "Qarabağ" artıq bu ay Avropa Liqası oyunlarına çıxacaq. "Tottenhem" səfərində nəyə ümid etmək olar? "Qarabağ"ın London səfərində uğurlu nəticəsi nə ola bilər?
- Hamımız gözləyirik ki, "Qarabağ" Avropa Liqasında oyunlara başlasın. Ümidlə gözləyirik ki, təmsilçimiz bu oyunlarda nəticə versin. Əlbəttə ki, çətin olacaq. Xüsusilə də, səfərdə "Tottenhem"lə oyun. Çünki onlar dünyanın ən güclü liqasında çıxış edən və orada top-5 komandadan biridir. Səfərdə oynayırıq, bu da "Tottenhem"in üstünlüyüdür. Çətin olacaq. Digər görüşlərimiz də çətin keçəcək. Liqa mərhələsində güclü rəqiblər az deyil. "Tottenhem"lə bir dəfə qarşılaşıblar, uduzublar. Amma "Qarabağ" bundan qabaq da göstərib ki, "Tottenhem" kimi səviyyəli komandalarla başabaş oynaya bilir. Bunu etmək çox çətin olacaq. Amma ümid həmişə var. Biz də inanırıq, "Qarabağ" onu reallaşdıra biləcək.

- "Qarabağ" əsas mərhələdəki 8 rəqiblə oyunlarda uğurlu çıxış edərək 1/8 finalda yoluna davam edə bilər? "Qarabağ" üçün hansı komanda daha ağır görünür?
- Əlbəttə ki, mən buna inanıram. Hansı oyun ağır olacaq deyəndə, ümumi götürəndə, hamısı ağır keçəcək. "Tottenhem" səfərini dedim. "Ayaks" da öz sözünü deyən rəqiblərdəndir. Bakıda oynasaq da, çətin olacaq. Amma inanıram ki, "Qarabağ" növbəti mərhələyə çıxacaq. Ən ağır oyunumuz isə "Tottenhem"lə olacaq. "Qarabağ"a uğurlar arzulayıram.

0