Ramin Quliyev: "Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması yanlış idi" - Müsahibə
27.09.2024 - 16:36
Ramin Quliyev: "Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması yanlış idi" - Müsahibə

"Neftçi"nin veteran futbolçusu Ramin Quliyev apasport.az saytına müsahibə verib.

- "Neftçi" 7 turdan sonra turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Hətta onlar bir qələbə belə qazana bilməyib. Kənardan "Neftçi"nin durumu necə görünür?
- Bəli, çempionatı izləyirəm, oyunlara baxıram. "Neftçi"nin oyunlarını da izləyirəm. "Neftçi" hazırda ən pis günlərini yaşayır. Komanda heç vaxt çempionata belə başlamamışdı. 

- Halbuki çempionat başlamamışdan əvvəl rəhbərlik uğursuzluqlara son qoymaq üçün Roman Qriqorçuku baş məşqçi postuna dəvət etdi. Görünən budur ki, komandada vəziyyət düzəlmir. Qriqorçukla işləmisən və onu yaxşı tanıyırsan. Səncə, ukraynalı "Neftçi"də niyə uğur qazana bilmir?
- Bilirsiz, hələ 7 tur geridə qalıb. Ona görə də, indidən "Neftçi"də uğur qazana bilməyib demək də doğru deyil. Cəmi 7 tur oynanılıb. Ardıcıl 2-3 qələbə turnir cədvəlindəki vəziyyəti dəyişə bilər. Hər şey mümkündür. Amma bu komanda toparlana biləcək, ya yox sual altındadır. Zaman göstərəcək.

- İki turdan sonra birinci dövrəyə son vurulacaq. "Neftçi" autsayderlər sırasından çıxa bilməyib...
- Komanda tez bir zamanda toparlanmalıdır. Klubdaxili nələrsə baş verir. Öncə onu həll etmək lazımdır. Sonra isə oyun baxımından komanda oyununa üstünlük verilməlidir. Hücumda dişsiz görünürlər. Hətta hücumların sonluğunda böyük problemlər var. Bütün bunlara da diqqət etmək lazımdır.
 
- Bəs, Roman Qriqorçuk baş məşqçi postundan göndərilərsə, nəsə düzələcək?
- İnanmıram ki, baş məşqçi dəyişikliyi nəyisə dəyişsin. Ən əsası da, rəhbərliyin baş məşqçiyə inamı böyükdür və klubu birlikdə bu vəziyyətdən çıxacaqlarına inanırlar. Meydanda baş məşqçi oynamır, futbolçular oynayır. 7 tur qələbə qazanmayan tək baş məşqçi deyil, futbolçulardır. Əksəriyyəti səviyyəli oyunçulardır axı. Bəs onlara nə olub? Oyun baxımından axsamalar var, razıyam. Sanki oyunçular hələ də baş məşqçinin nə istədiyini tam anlaya bilmirlər. Bəlkə də, vaxta ehtiyac var. Amma "Neftçi"də o vaxt veriləcək, ya yox... Bunun özü də sualdır... 

- Bu yay "Neftçi"yə cəlb edilmiş oyunçular az deyil. Onlar haqda hansı fikirdəsən?
- İndiki vəziyyətdə hansısa yeni transferi xüsusi vurğulamaq olmaz. Aşkar görünür ki, futbolçuların performansı çox aşağı vəziyyətdədir. Ardıcıl xal itkiləri onların özünəinamlarını da xeyli azaldıb. Futbolçular bacardığından aşağı futbol oynayırlar.

- "Neftçi"də kapitanlıq sarğısının Emin Mahmudovdan alınaraq Ramil Şeydayevə verilməsinə münasibətin necədir?
- Şəxsim fikrim budur ki, kapitanlıq sarğısının Emin Mahmudovdan alınması yalnış addım idi. Emin çox səviyyəli futbolçudur. Sadəcə bacardığından aşağı səviyyədə çıxış edir. Bu da yuxarıda qeyd etdiyim xal itkləri ilə bağlıdır ki, futbolçularda özünəinam itib. Amma bu o demək deyil ki, kapitanlıq Emindən alınmalıdır. Mən futbol tərəfindən baxıram. Amma klubdaxili niyə bu addım atılıb, onu da deyə bilmərəm.

0