“İlk oyunda Kiprdə məğlub olduq. Həmin görüşü təhlil etdik, danışdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının II təsnifat mərhələsidə Kipr klubu “Aris”lə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.
47 yaşlı rumıniyalı mütəxəssis ilk görüşdəki 0:2 hesablı məğlubiyyətin revanşı barədə bunları bildirib: “Sabaha yeganə şansımız, məqsədimiz var: meydançada hamıya göstərməliyik ki, birinci oyundakı nəticə təsadüfi idi. “Aris”ə böyük hörmətlə yanaşırıq. Amma sabah əlimizdən gələni edəcəyik ki, dönüş yarada bilək. Həm özümüz, həm də fanatlarımız üçün qələbə qazanaraq, növbəti mərhələyə adlamağa çalışacağıq”.
- Sabahkı matçla bağlı qarşıya qoyulan məqsəd nədir: baxımlı oyun göstərmək, yoxsa mərhələ adlamaq?
- İlk oyundan əvvəl də bunu demişdim. Biz indi rəqibi daha yaxşı tanıyırıq. İlk görüşdə “Aris”in yüz faizlik şansı var idi, top qapı tirindən döndü. Həmçinin bizim də imkanlarımız oldu. Bir epizodda da penaltimiz verilmədi. İkinci məqam odur ki, rəqibin mərkəz müdafiəçisinin sarı vərəqəsi var idi. Bizim qapıçıya qarşı kobudluq etdiyi zaman ikinci sarı vərəqə ilə meydandan qovulmalı idi. “Aris”in aqressiv oynaması normal idi, evdə oynayırdı. Biz də sabah eyni şeyi etməyə çalışacağıq. Öz komandama güvənirəm. İnanıram ki, gözəl oyunla lazımi nəticə əldə edəcəyik. Bunu necə edəcəyimizi sabah meydanda görəcəksiniz.
- Birinci oyunda rəqibin göstərdiyi oyunun “Neftçi”nin üzərindəki təsiri necə idi? Həmçinin məşqçiyə olan təzyiqlər hansı formadadır?
- Düşünürəm ki, dediklərimin hamısı düzgün tərcümə olunur. Burada “Aris”in əleyhinə danışmaq və ya onlar haqda pis söz demək üçün gəlməmişəm. Yalnız öz fikirlərimi çatdırmağa çalışıram. Buradan “Neftçi” fanatlarına mesaj göndərmək istəyirəm ki, sabah döyüşəcəyik. Çalışacağıq döyüşkən komanda quraq. Mən öz oyunçularıma siqnal ötürməliyəm, onlar da meydanda buna əməl etməlidirlər. İtiriləsi heç nəyimiz yoxdur. Birinci oyunun ilk 20 dəqiqəsində meydanda yatdıq, 2 qol buraxdıq. Səmimi desəm, 3-cü topu da buraxmalı idik. 3-cü qolu buraxsaydıq, köklənmək daha çətin olardı. Ona görə də bu, mənim üçün işarədir. Oyunçularıma düzgün göstəriş verməyə çalışıram. Həftə ərzində bütün səhvlərimizi izah etdim. Dönüş yaratmaq üçün əlimizdən gələni etməli və 90 dəqiqənin ardından nəticəyə baxmalıyıq. İndidən deyə bilmərəm ki, sabah 5 qol vuracağıq. Amma onu deyə bilərəm ki, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik.
- Start heyətini müəyyənləşdirmisiz? Hansısa mövqe ilə bağlı tərəddüdünüz var?
- Əlbəttə, müəyyənləşdirmişəm. Dəyişiklik olub-olmayacağını deyə bilmərəm. Sabah start heyətində kim olacağını da deyə bilmərəm. Amma əminəm ki, sabah oyunçularımız meydanda tam başqa cür çıxacaq. Dolu tribunaların təzyiqinin oyunçularımıza müsbət təsir edəcəyini düşünürəm. Sabah fanatlarımızla qələbəni qeyd edəcəyimizə inanıram.
- Demək olar ki, yay transfer pəncərəsinin ən fəal komandası oldunuz. Amma yeni gələnlər ilk görüşdə tam gözləniləni edə bilmədilər. Alınan futbolçuların neçə faizi sizi sisteminizə uyğundur?
- Edilən bütün transferlər rəhbərlik, skaut departamenti, məşqçi korpusu olmaqla hamımız birlikdə etmişik. Vaxt azlığından daha çox variantlara baxa bilmədik. Düşünürəm ki, düzgün seçimlər etmişik. Bu transferlər də “Neftçi”yə xeyirli olacaq.
- Azarkeşlərə mərhələ adlamasanız belə, qələbə qazanacağınıza söz verirsiniz?
- Danışmaq, söz vermək çox asandır. İlk oyundan sonra çox üzülmüşdüm. Fanatlarımızla da görüşümüz olub. Əminliklə deyə bilərəm ki, qələbə üçün əlimizdən gələni edəcəyik. Güclü rəqibə qarşı oynayacağıq. Bir yerdə yaxşı çıxış edirlər. Ehtiyatlı olmalıyıq. Sabah nə etməli olduğumuzu bilirik. Futbolçularım da başa düşür.