Regekampf: "O, tezliklə Azərbaycan pasportu alıb milliyə də kömək edər"
03.09.2022 - 22:42
Regekampf: "O, tezliklə Azərbaycan pasportu alıb milliyə də kömək edər"

“Çox yaxşı heyətimiz var. Pato yaxşı oyunçudur”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının V turunun “Sumqayıt”la ev oyunundan sonra mətbuat konfransında iştirak edib. Regekampf komandasının qələbəsinə şərh verib: “Bizə vaxt verin ki, bu mövzu haqda danışa bilək. Pato bu matç üçün planlarıma daxil deyildi. Bugünkü matç üçün planım fərqli idi. Kenni Sayef zədələnməsəydi fərqli alınardı. İstədiyimizi etmək üçün futbolçu olmadı. Həftə ərzində hazırlaşmışdıq. Bunlar normal şeylərdi. Onun növbəti matça qədər bir həftə vaxtı var”.

Rumıniyalı oyunçu dəyişikliklərinə də toxunub: “Biz əzimkar olmağa çalışırıq. İstəyirəm ki, futbolçularımız daha yaxşı səviyyəyə qalxsınlar. İsinmə hərəkətlərində Kenni ilə Emin toqquşdu. Bu, bəxtsizlik idi. Eminin çiyini onun burnuna dəydi. Ümid edirəm ki, Vatonun zədəsi ciddi olmayacaq. Onu 30-40 dəqiqə oyuna buraxacaqdım. Fiziki cəhətdən tam hazır deyil. Vaxta ehtiyacı var. Azər Əliyevin ötən tur ayağında qıcolma isə iki həftəlik zədədən dönməsi ilə bağlı idi. Bu dəfə problemi olmadı. Biz çox ağır məşq edirik. Belə hallar da ola bilər”.

Regekampf oyunun ağır keçmə səbəbini də izah edib: “Ağır oyun oldu. Ona görə ki, rəqib aqressiv oynayırdı. Çox kontaktlı oyun getdi. Rəqib oyun sxemini də dəyişib beşli müdafiəyə üstünlük verdi. Amma cinahlarda da boşluqlar yaratdılar. Hər dəyişiklikdən sonra istifadə üçün imkanlarımız oldu”.

Mütəxəssis Azər Əliyevin sol cinah müdafiəçisi kimi oynamasından da danışıb: “Azər mənim üçün böyük sürprizdir. Onu məşqlərdə sol cinahda belə güclü olduğunu görmürdüm. Daha çox hücumameylli olmağı xoşlayır. Azər Salahlı ilə bağlı bu mövqedə onu oynatmalı olduq. Onun oyunu çox yaxşı sürprizdir. Bu gün də çox yaxşı oynadı. Özünəinamı, təcrübəsi var. Nə vaxt nə etməli olduğunu gözəl bilir. İki oyuna bir qol və assisti mənim üçün pozitivdir. Ümidvaram ki, tezliklə Azərbaycan pasportu alıb milliyə də kömək edər. Rusiya Premyer Liqasında da sol cinah müdafiəçisi kimi oynayıb. Bizə lazım olanı ala bilirik”.

Qeyd edək ki, “Neftçi” 3:0 hesablı qələbə qazanıb.
 

0