Regekampf: “Qarabağ”la matçadək onlar sərəncamımda olacaq”
16.09.2022 - 22:47
Regekampf: “Qarabağ”la matçadək onlar sərəncamımda olacaq”

“Şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının VII turunun “Səbail”lə oyunu haqda fikirlərini mətbuat konfransında açıqlayıb: “Üç xal çox vacib idi. Çox yaxşı oynadıq. Bütün komandalar bizə qarşı motivasiyalı başlayır, aqressiv oynayır. Bəzən bizdə də problem yaranır. İlk yarıda epizodları qola çevirə bilmədik. Fasilədən sonra istədiyim kimi oynadıq və qollar vurduq. Oyundan razıyam”.

Mütəxəssis Pato barədə də danışıb: “Pato o mövqenin oyunçusu deyil. Məşqlərdə görürəm ki, çox aqressivdir, təhlükəlidir. Çünki sürətlidir. O, rəqibin buraxdığı boşluqlardan istifadə edə bilir”.

Regekampf Yeqor Boqomolskinin oyununu dəyərləndirib: “Onun üçün qol epizodları yarandı. Qaçdı, mübarizə apardı. Qol vurmaq məqamında düzgün qərar vermədi. Ona inanıram. Çox yaxşı oyunçudur. Millinin düşərgəsinə gedəcək. Qayıdandan sonra üzərinə işləyəcəyik”.

Baş məşqçi Aqil Məmmədov və İvan Brkiç arasında seçimini tez-tez dəyişməsinə münasibət bildirib: “İki qapıçımız olduğu üçün sevinməliyik. İki yaxşı qolkiperimiz var. Hər ikisi məşqlərdə yaxşı çıxış edir. Ona görə hansına ehtiyac olsa ondan yararlana bilirik”.

Rumıniyalı artıq ilk yarıda Fərid Yusiflini əvəzləməsinin səbəbini açıqlayıb: “Fərid gənc oyunçudur. Çox motivasiyalı başlamışdı. Onu məşqlərdə izləyirəm. Futbolçu kimi çox istəyirəm. Onu göstərdiyi oyuna görə deyil, sarı vərəqə aldığı üçün əvəzlədim. Sarısı var idi, gecikəndə fol edirdi.  Niyə əvəz etdiyimi özünə də başa saldım”.

Regekampf Kenni Sayefin durumundan da danışıb: “Kenni də bizim üçün çox vacib oyunçudur. Bir neçə oyun öncə burnu qırıldı. Bir həftə məşq edə bilməmişdi. Bəxtimiz gətirib ki, fasilə yaranıb və belə məqamların üzərində işləyəcəyik”.

Mütəxəssis milli komandaların oyunları ilə əlaqədar fasilənin təsirini də qeyd edib: “Fasilənin xeyirli olacağını düşünürəm. Bəzi zədəli oyunçuların bərpa olacağına ümidvaram. Hətta Eddinin də bəzi problemləri var. O, milliyə gedəcək. Kenni də fasilədən sonra daha yaxşı olacaq. Bu fasilə xeyirli olacaq və “Qarabağ”la matçadək bütün oyunçular sərəncamımda olacaq”.

“Neftçi”nin baş məşqçisi fasilədən sonra “Qarabağ”la baş tutacaq derbiyə də toxunub: “Asan oyun olmayacaq. “Qarabağ”ın Avropa Liqasındakı çıxışı mükəmməldir. Dünən çox yaxşı oynadılar. Amma bu matç böyük stressdir. İnanıram ki, bütün futbolçular motivasiyalı olacaq. Hazırlaşmağa vaxtımız var. Həmin matçın nəticəsi həlledici deyil. Çünki hələ çox oyunlarımız olacaq. Lakin vacibdir ki, uduzmayaq”.

Qeyd edək ki, “ASCO Arena”dakı matçda “Neftçi” qalib gəlib – 2:0.

0