Reqekampf: "Bir epizodları oldu, onu da qola çevirdilər"
08.12.2022 - 20:23
Reqekampf: "Bir epizodları oldu, onu da qola çevirdilər"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Zirə" ilə ilk oyunundan sonra mətbuat konfransında çıxış edib.

Apasport.az xəbər verir ki, rumıniyalı məşqçi əvvəlcə 0:1 uduzduqları oyun barədə fikirlərini bildirib:

– Düşünmürəm ki, bu gün pis oynadıq. Yaratdığımız qol epizodlarını başa vurmaq alınmırdı. Rəqib demək olar ki, bütövlükdə müdafiədə oturmuşdu və bizi əks-hücumda tutmaq istəyirdi. Oyunboyu bir epizodları oldu, onu da qola çevirdilər. Onlar hücum edəndə, bunu foulla bitirmək lazım idi. Növbəti oyuna hazırlaşacağıq. Növbəti mərhələyə adlamaq istəyiriksə, iki qolla qalib gəlməliyik. Futboldur, mümkünsüz heç nə yoxdur.

– Hər mövqedə dəyişiklik etdiniz. Niyə istədiyinizə nail ola bilmədiniz?
– Yerli oyunçu ilə problemlərimiz var idi. Eddi İsrafilov zədələndi. Azər Salahlı da tempi eyni səviyyədə qoruyub-saxlaya bilmir. Bu da normaldır. Zədəli olduqdan sonra qayıdıb. Dəyişikliklər etdik. Düşündük ki, hansı mövqeyə daha güclü oyunçunu meydana buraxa bilərik. Düşünmürəm ki, sonradan meydana daxil olanlar pis oynadı. Döyüşdülər. Bütün oyunçuları ilə cərimə meydançasında müdafiə olunan komandaya qarşı oynamaq asan deyil. Növbəti oyun üçün çıxış yolu axtarmalıyıq. Ümid edirəm ki, Eddinin zədəsi ciddi olmayacaq və növbəti matçda komandaya kömək edəcək.

– "Qarabağ"a məğlubiyyətin təsiri qalmışdı?
– Məncə, təsir etməli idi. "Qarabağ" oyunu haqda danışmalı deyilik. Bu, fərqli turnirdir. Düşünürəm ki, komandada keyfiyyətli oyunçular var. Onlar hamısı kişidir. Bu cür vəziyyətlərdən çıxış yolu tapmalıdırlar. Futbolda belə şeylər baş verir. İnanıram və əminliklə deyə bilıərəm ki, 2 oyunun nəticəsində daha yaxşı olacağıq.

– Sizcə, Vato Arveladze və Yeqor Boqomolskini əsas heyətdə oynatmaq vaxtı çatmayıb?
– Bilmirəm. Məşqlərdə baxmalıyıq ki, hansı hazırdır. Hər ikisi legionerdir. Görməliyik ki, hansı gələn oyuna daha hazırlıqlı olacaq.

– Komandanı tərk edənlər çox olacaq, yoxsa gələnlər?
– Gəlin, qarşıda bizi gözləyən oyunlara konsentrasiya olaq. Əlimizdəki oyunçulara inanmalıyıq. Məncə, onlar kubokda növbəti mərhələyə adlamalıdır. Qarşıda bizi 2 çempionat oyunu gözləyir və onlarda da qalib gəlməliyik. Oyunlar bitdikdən sonra 100 faiz əminliklə analiz olunacaq. Bütün istəklər bir-birinə uyğun olsa, nə edə biləcəyimizə baxacağıq.

– Son zamanlar "Neftçi"dən ayrılacağınız barədə yazılır. Adınız da digər klublarla hallanır. Yazılanlar öz  konsentrasiyanıza necə təsir edir? Qalacaqsınız "Neftçi"də?
– Bu haqda əvvəl də mənə sual verilib. Bütün konsentrasiyam "Neftçi"dədir. Mediaya başqa klublarla adımı hallandırmasına qadağa qoya bilmərəm. Bu sizin hüququnuzdur, nə istəyirsiniz, yaza bilərsiniz. Mən "Neftçi"dəyəm və bütün fikrim, konsentrasiyam yalnız bu klubdadır. Bilirsiniz ki, təzəlikcə toplantı olub. Komandanı gücləndirmək barədə danışığımız da olub. Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişməyi düşünmürəm.

0