Rəşad Sadıqov: “4-5 futbolçu istəyirik, biri ilə razılaşmışıq”
12.08.2022 - 21:33
Rəşad Sadıqov: “4-5 futbolçu istəyirik, biri ilə razılaşmışıq”

“Son zamanlar çox rahat qol buraxırıq, həm də ucuz səhvlərdən. Belədə istədiyimiz oyunu göstərmək çətin olur”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının II turunda “Sabah”a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

40 yaşlı mütəxəssis qarşılaşmanın ardından mətbuat konfransında bildirib ki, oyuna pis başlamasalar da, kobud səhvlərdən qollar buraxıblar: “Bundan sonra rəqib daha inamlı oynadı. Fərqi azaltdıqdan sonra ümidləndik. Amma ikinci hissənin əvvəlində buraxdığımız kobud səhv matçın taleyini həll etdi”.

- Sanki Təmkin Xəlilzadə eniş yaşayır...
- Mövsümün əvvəlidir. Ola bilər ki, kimsə gec formaya düşsün. Təkcə o yox, bir neçə oyunçumuz daha istəkli olmalıdır. Problemləri axtarıb, həll etməyə çalışacağıq.

- Hamidu Keytanın yoxluğu məğlubiyyətdə nə qədər rol oynadı?
- Heyətimiz geniş deyil. Onun yoxluğu hücumda özünü hiss etdirməyə bilməz. Hacıağa Hacılı, Dmitrios Çantakias da yoxdur. Filipe Paxtman yenidən zədələnib. Heyətdə itkilərimiz var. Futbolda belə problemlər olur. Qarşıda bizi 34 tur gözləyir. Əsas məsələ mövsümü uğurlu başa vurmaqdır. Problemləri mövsümün əvvəlində görmək daha yaxşıdır.

- Transfer çalışmaları nə yerdədir? Hansı mövqelərə oyunçu axtarırsız?
- Bir neçə mövqeyə. Heyəti genişləndirməliyik. Az oyunçu olması futbolçularda rahatlıq yarada bilər. 4-5 futbolçu transfer etmək istəyirik. Biri ilə razılaşmışıq, iki günə Bakıda olmalıdır. Baxacağıq, olmasa, qışda oyunçular gətirəcəyik.

- Bu gün yaxşı nəticə üçün nə çatmadı?
- Əvvəla ucuz qollar buraxmamaq lazımdır. Belə olanda oyunu dəyişmək çox çətin olur. Daha aqressiv, istəkli olmalıydıq. Belə oynadıqdan sonra bu cür rəqibə qarşı şans olmur.

- Təl-Əviv “Makkabi”si ilə Konfrans Liqası oyunlarındakı “Zirə”ni çempionatda görmürük...
- Son iki görüşdə aqressivlik və dinamikanın aşağı düşdüyünü görürəm. Səbəbini araşdıracağıq. Mənim üçün də naməlumdur. Futbolpress.az

0