Rəşad Sadıqov: "Amansız mübarizə getdi" - VİDEO
08.12.2022 - 20:21
Rəşad Sadıqov: "Amansız mübarizə getdi" - VİDEO

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 finalının ilk matçında "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına çıxıb.

Apasport.az-ın məlumatına görə, o əvvəlcə oyun haqda fikirlərini bildirib:

– Kubok oyunlarında ilk oyundan sonra matçı şərh etməyi heç sevmirəm. Sanki ilk yarını oynamışıq, fasilədə matçı şərh edirik. Meydanda amansız mübarizə getdi. Əsl kubok ab-havası var idi. Mərhələ ikinci oyunda həll olunacaq. Böyük hesab yoxdursa, demək, məsələ cavab matçında həll ediləcək. Qarşıda bizi “Şamaxı” oyunu gözləyir. İşimizi gördük. “Neftçi” haqda indi düşünməyə vaxtımız yoxdur. Futbolçularımı yaxşı mübarizəyə görə təbrik edirəm. Sadəcə, ilk hissəni oynamışıq, qalıb ikinci yarı. Konsentrasiyanı itirmək olmaz.

– İlk yarıda hücuma çıxa bilmirdiniz. Səbəb nə idi?
– "Neftçi" pressinq edirdi. Onlar bizi ikinci zonada qarşılayırdı. Qapılara zərbə yox idi. İkinci hissədə 2 hücum oldu. Hər iki komanda bir-birinə oynamaq imkanı vermədi. Bu da gözlənilən idi. Əvvəlki matçlar da amansız mübarizə şəraitində keçmişdi.

– Filipe Paxtmann yenə zədələndi. Bu onun bəxtsizliyindən irəli gəlir?
– Bu bizi məyus edir. Amma onun istedadına inanıram. Allah qoysa, zədələri geridə qoyub, öz potensialını açacaq.

– Sizcə, hakim oyuna çox vaxt əlavə etdi? Sanki narazı idiniz...
– Meydanın kənarında mənə elə gəldi. Amma sonradan hakim bildirdi ki, dəyişikliklər, əvəzetmələr olub. Həkimin meydana daxil olduqlarını bildirdilər.

0